“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) “Aireon Safety Dashboard” və “Aireon Locate” platformalarının öz əməliyyatlarında tətbiq edilməsi haqqında “Aireon” şirkəti ilə mühüm müqavilə imzalayıb. SİA bu barədə AZAL-a istinadən xəbər verir.
“Safety Dashboard” uçuş təhlükəsizliyi göstəricilərini təhlil etmək imkanı yaradacaq və bunun sayəsində aviasiya proseslərinin idarə edilməsinin daha da optimallaşdırılması mümkün olacaqdır. Kosmik avtomatlaşdırılmış radioyayım müşahidəsindən (ADS-B) istifadə edən “Aireon Locate”, öz növbəsində, bütün dünya üzrə axtarış və xilasetmə əməliyyatlarının aparılması üçün istifadə olunacaq. Qeyd olunan platforma qəza vəziyyətində olan təyyarələrlə bağlı fövqəladə hallara çevik reaksiya verilməsini tələb edən şəraitlər üçün xüsusi nəzərdə tutulub.
Bundan əlavə, AZAL, “Aireon” və “Metron Aviation” arasında aviasiya analitikasına dair rəqəmsal platformaların birgə işlənib hazırlanmasına yönəlmiş Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi AZAL-ın prezidentinin müşaviri və AZANS-ın direktoru Fərxan Quliyev, “Aireon” şirkətinin baş direktoru Don Toma və “Metron Aviation” şirkətinin prezidenti Kris Cordan imzalayıb.
“Aireon” peyk məlumatlarına əsaslanan aviasiya platformalarının birgə inkişafı hava hərəkətinin proqnozlaşdırılması və idarə edilməsində köklü dəyişikliklər vəd edir. Bu yeniliklər hava gəmilərinin mövqelərinin davamlı izlənilməsini və hava hərəkətinin proqnozlaşdırılmasını təmin etməklə Azərbaycanda hava daşımalarının təhlükəsizliyini və səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaqdır.
Sənədlərin imzalanması iyunun 11-dən 13-nə kimi Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammiti 2024 və CANSO-nun 28-ci İllik Ümumi İclası çərçivəsində baş tutub.
AZAL, “Aireon” və “Metron Aviation” arasında əməkdaşlıq risklərin minimuma endirilməsinə və əməliyyatların optimallaşdırılmasına yönəlmiş qabaqcıl məhsul və texnologiyaların yaradılması, Azərbaycanın aviasiya sahəsində ən son texnologiyaların tətbiqi ilə bağlı təşəbbüsünün dəstəklənməsi üçün yeni imkanlar təqdim edir.
“Aireon”
“NAV CANADA”, “AirNav Ireland”, ENAV, NATS və “Naviair”, eləcə də “Iridium Communications” kimi dünyanın aparıcı aeronaviqasiya xidmətləri təchizatçıları ilə əməkdaşlıq etməklə, “Aireon” aviasiya sahəsində bütün maraqlı tərəflərin istifadə edə biləcəyi, real vaxt rejimində hava hərəkətinə qlobal kosmik nəzarət sistemini təqdim edir.
“Metron Aviation”
“Metron Aviation” hava hərəkətinin idarə edilməsi sistemləri sahəsində dünya lideri hesab edilir. Yer kürəsinin beş qitəsində tərəfdaşları və müştəriləri olan şirkət aviasiya sahəsində ən mürəkkəb məsələləri həll edir.