“Əl tutmaq üçün ancaq Qurban bayramını gözləmək lazım deyil” - RƏYLƏR

13 İyun 2024 12:33 (UTC+04:00)

“Qurban kəsmək, imkansız insanlara əl tutmaq, xeyriyyə işləri görmək hər bir müsəlmanın vəzifəsidir. Qurban bayramı islam dünyasının müqəddəs bayramıdır. Bu bayramda da qurbanlar kəsilir və paylanılır. Amma imkansız insanların qurban kəsmək üçün borca düşərək qurbanlıq heyvanı alması və paylamasını düzgün hesab etmirəm”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, qurbanlığı ancaq onu alıb verməyinə imkanı yetərli şəxslər etməlidir: “Bu bayram həm də insanlar arasında bir həmrəylik yaradır. Yəni imkanlı şəxslər öz gəlirlərinin bir hissəsini imkansız insanların rifahına yönəldirlər. Amma yaddan çıxartmamalıyıq ki, imkansız insanlara yardım etmək, əl tutmaq üçün ancaq Qurban bayramı gözləmək lazım deyil. Kimin maddi imkanı varsa o şəxs öz maddi gücünə baxaraq mütəmadi şəkildə imkansız insanlara dəstək göstərməlidir. Bu, uca yaradanımıza da xoş gələr”.

Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov fikirlərini bölüşüb: “Qurban bayramı İslamın iki müqəddəs bayramından biridir və müsəlman dünyası hər il bu bayramı qeyd edir. Digər bayramlar kimi Qurban bayramının da özünəməxsus xüsusiyyətləri var. Dinimiz imkanı olan hər bir insana qurban kəsməyi tövsiyyə edir. Qurban kəsilərkən onun bir hissəsini ev yiyəsi götürməli, digər hissəsi isə qohumlar və qonşular arasında bölüşdürülməlidir. Bu məsələdə maksimum diqqətli olmalıyıq. Buna görə də insanlar arasında daim maarifləndirmə işləri aparılmalı, cəmiyyət məsələnin önəmini dərk etməlidir. Qurban bayramının əsas hədəf və məqsədlərindən biri imkanı olmayan insanlara yardım əlinin uzadılmasıdır”.