"Hadisələrin gedişi bizim maraq dairəmizdədir” - POLİTOLOQ ŞƏRH ETDİ

13 İyun 2024 10:54 (UTC+04:00)

“Təbii ki, həm Ermənistanda, həm də Gürcüstanda gedən proseslər Azərbaycanı maraqlandırır və narahat edir. Çünki bütün bu proseslər Cənubi Qafqazda gedir. Ermənistanda da, Gürcüstanda da yeni siyasi eksperimentlər həyata keçirilir. Əsas məqsəd ondan ibarətdir ki, rəngli inqilablar artıq heç bir effekt vermir. Bunu Ermənistan və Gürcüstan nümunəsi son bir neçə ildə dəfələrlə göstərib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, indi bir qədər fərqli bir metodologiyadan istifadə etmək istəyirlər: “Hələlik adı yoxdur, amma məlum olan odur ki, Harvard Universiteti tərəfindən hazırlanan yeni siyasi texnologiyadır. Nədən istifadə olunacağı və ya hansı nəticəyə gəlinəcəyi barədə məlumat verilmir. Görünən odur ki, ölkə daxilində uzunmüddətli qarşıdurma yaratmaq, insanları yormaq və bundan sonra insanların həmin yorğunluq hissindən istifadə edərək dövlət çevrilişi həyata keçirmək istəyirlər. Bu, Ermənistanda uğurlu alınmayacaq. Çünki Ermənistanda Paşinyanın mövqeyi çox güclüdür”.

Politoloq bildirib ki, Gürcüstanda isə müəyyən qüvvələr qarşıdurma yaratmağa çalışsalar da, bu metodun həyata keçmək ehtimalı 50%-dir: “Hələki Gürcüstan hakimiyyəti möhkəmdir. Əsas sınaq odur ki, bunu gələcəkdə digər respublikalara, o cümlədən, Azərbaycana necə tətbiq etmək olar. Ona görə də orada gedən proseslər bizim üçün həm maraqlı, həm düşündürücüdür. Biz bu məsələyə tənqidi təfəkkürlə yanaşmalıyıq. Ola bilər ki, bizim Ermənistanın və ya başqa qüvvələrin fəaliyyətindən xoşumuz gəlməsin. Amma bu bir siyasi eksperimentdir və bunun nəticələrinin bizə də şamil olunmayacağına heç kim zəmanət vermir. Bir sözlə, hadisələrin gedişi bizim maraq dairəmizdədir”.

Ləman Sərraf