Qattuzo Xorvatiya klubunu çalışdıracaq

13 İyun 2024 01:27 (UTC+04:00)

"Napoli”nin və “Milan”ın sabiq çalışdırıcısı Cennaro Qattuzo Xorvatiyanın "Hayduk" klubunun yeni baş məşqçisi olub,

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, İtaliyalı mütəxəssis qarşıdakı iki il “Hayduk”da çalışacaq. Qattuzo gələn həftə “Hayduk” stadionunda keçiriləcək təqdimat mərasimində iştirak etmək üçün Xorvatiyaya gedəcək.

Cennaro Qattuzonun son iş yeri 2023-cü ilin sentyabrından 2024-cü ilin fevralına kimi rəhbərlik etdiyi Fransanın “Marsel” klubu olub. Qattuzo bundan əvvəl “Valensiya” (iyul 2022 - yanvar 2023), “Napoli” (2019-2021), “Milan” (2017-2019) klublarının baş məşqçisi olub.

Qeyd edək ki, “Hayduk” 15 qat Yuqoslaviya və Xorvatiya çempionudur. Klub həmçinin, 17 dəfə ölkə kubokunu və 5 dəfə Superkuboku qazanıb. Ötən mövsüm ölkə çempionatını isə birinci yeri tutan Zaqreb “Dinamo”sundan 14 xal geri qalaraq üçüncü pillədə başa vurub.