Kişilər üçün ən faydalı meyvə və tərəvəzlər məlum olub

12 İyun 2024 23:25 (UTC+04:00)

...Kanadanın Monkton Universitetinin alimləri müəyyən ediblər ki, polifenol birləşmələrlə zəngin meyvə və tərəvəzlərdən istifadə etmək hipoqonadizm sindromunun qarşısını alır, bu sindromda xayaların fəaliyyəti pozulur və kişilərdə orqanizmdə cinsi hormonların səviyyəsi aşağı düşür. SİA-nın əldə etdiyi məlumata görə, araşdırmanın nəticələri Nutrients jurnalında dərc olunub.

Androgenlər (kişi cinsi hormonları, o cümlədən testosteron) əsasən testislərdə olan Leydig hüceyrələri tərəfindən istehsal olunur. Bu hormonlar kişi ikincil cinsi xüsusiyyətlərinin inkişafına cavabdehdir, əzələlərdə protein sintezini stimullaşdırır, qırmızı qan hüceyrələrinin meydana gəlməsini sürətləndirir, metabolik proseslərin sürətini artırır və spermogenezi təşviq edir.

Alimlər izah ediblər ki, 30 ildən sonra kişi orqanizmində testosteron istehsalı ildə təxminən 1 faiz azalır. Bu, libidonun, əzələ kütləsinin və sümük sıxlığının azalması ilə xarakterizə olunan hipoqonadizm sindromuna səbəb ola bilər.

Pəhrizdə hansı dəyişikliklərin hipoqonadizmin inkişafına mane ola biləcəyini öyrənmək üçün tədqiqatçılar təbii antioksidantların kişi sağlamlığına təsiri haqqında əvvəllər dərc edilmiş elmi məqalələrə baxış keçiriblər.

Onlar müəyyən ediblər ki, flavonoidlər, izoflavonlar, flavonollar, flavanonlar, katexinlər, resveratrol, gigantol, antosiyanidinlər və hidroksisinnamik turşular kimi polifenolik birləşmələrlə zəngin bitki qidaları androgen istehsalını artıra bilər.

Bu maddələr kərəviz, kəklikotu, cəfəri, paxlalı bitkilər, alma, yaşıl çay, qreypfrut, üzüm, pomidor və digər bitki mənşəli qidalarda böyük miqdarda olur. Leydig hüceyrələrində spesifik genlərin fəaliyyətini artırmaqla androgen istehsalını gücləndirə və endokrin pozğunluqlar səbəbindən testosteron səviyyəsinin azalmasının qarşısını ala bilərlər.

Əli Babayev