Aİ seçkilərindən sonra avro dəyər itirib

12 İyun 2024 17:15 (UTC+04:00)

Avropa İttifaqının 20 üzv ölkəsinin rəsmi valyutası olan avro, Avropa Parlamenti (AP) seçkilərindən sonra yaranan qeyri-müəyyənliklər səbəbindən kəskin ucuzlaşıb. Avropa Komissiyasının sədri Ursula fon der Leyen parlamentdə çoxluğa sahib olsa da, radikal sağçı partiyalar seçkilərdə böyük qələbə qazanıb. Aİ-də ifrat sağçıların yüksəlişi kimi səciyyələndirilən bu vəziyyətdən və Fransa prezidenti Emmanuel Makronun ölkədə parlamenti buraxıb erkən seçkilər keçirəcəyini açıqlamasından sonra avro son bir ayın ən aşağı səviyyəsinə düşüb.

Avronun ABŞ dolları qarşısında yüzdə 1 dəyər itirərək, 1,0774 ilə son ayın ən aşağı səviyyəsinə endiyi müşahidə olunub. Britaniya funtu qarşısında da zəifləyən avro 0,8469 ilə 2022-ci ilin avqustundan bu yana ən aşağı səviyyəyə düşüb.