Hizbullah İsrailin şimalına 160-a yaxın mərmi atıb

12 İyun 2024 16:20 (UTC+04:00)

Hizbullah hərəkatı Livan ərazisindən İsrailin şimalına təxminən 160-a yaxın mərmi atıb. Bu, 2023-cü il oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Livandan İsrailə edilən ən böyük raket hücumudur. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, mərmilərin bir hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Yerə düşən mərmilər isə təbiət yanğınlarına səbəb olub.

Hadisə ilə bağlı ölkənin şimal bölgəsində hava hücumu xəbərdarlığı edilib. Yuxarı Qalileya regionunda, o cümlədən Şafad, Roş-Pina şəhərlərində, həmçinin Buxayrat-Tabariya gölü ərazisində və Təbəriyyə şəhərində sirenalar səslənib. Xəsarət alanlar barədə məlumat verilmir.

İsrail aviasiyası raket hücumuna cavab olaraq Livanın Yarun bölgəsinə zərbələr endirib.