“Xüsusi hallarda bütün eskalatorların qoşulmasına icazə verilir“ - QURUM RƏSMİSİ AÇIQLADI

12 İyun 2024 15:56 (UTC+04:00)

“Qatarlarda stansiyaların adlarının elan edildiyi informatorların işini maşinist idarə edir. Çox nadir hallarda olsa da, stansiyalar ilə verilən elan arasında uyğunsuzluq olur. Bu da maşinistin informatorları düzgün qoşmaması səbəbindən yaranır. Bir qayda olaraq başlanğıc stansiyalarda olması mümkündür. Lakin maşinist xətdə sonuncu stansiyadan hərəkətə başlamazdan əvvəl informatorları da xüsusi qaydada yoxlamalıdır. Sözügedən məsələ ilə bağlı problem yarandıqda sərnişinlər “maşinistlə rabitə” düyməsindən istifadə edərək, maşinistə məlumat verə bilərlər və yaxud stansiya işçsinə də məlumat verilə bilər. Bu zaman dərhal məsələ ilə bağlı tədbir görülür, problem aradan qaldırılır. Ümumiyyətlə bu cür problemlər də maşinistin işində qüsur sayılır və müvafiq xətaların təsnifatına uyğun olaraq təlimat qaydalarında göstərilmiş cəza tədbiri görülür”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, qatarın hərəkət etdiyi zaman yaranan nasazlıq və qüsurlarla bağlı müvafiq normativ tələblər var: “Həmin tələblərə uyğun olaraq nasazlıqların aşkara çıxarılıb ona uyğun tədbir görülməsinin təməlində sərnişin təhlükəsizliyi yaranır. Nasazlıqların bir qismi elə qatar xətdə olduğu zaman aradan qaldırılır və qatarların hərəkətinə hər hansı bir təsir göstərmir.

Eskalator sərnişindaşıma təhlükəsizliyi baxımından Metropolitendə ən mühüm mühəndis-texniki qurğulardan biridir. Hətta o qədər vacib, diqqət saxlanılması mühüm qurğulardandır ki, Metropolitendən istifadə qaydalarında eskalatorlardan istifadənin xüsusi bəndi var. Bu da onun əhəmiyyətinin həddindən artıq olduğunun göstəricisidir.

Əsaslı təmir olunaraq, yenidən qurulan stansiyaların bəzilərində üç əvəzinə dörd eskalator quraşdırılıb. Bu da təbii ki, sərnişin təhlükəsizliyi səviyyəsinin artırılmasına kömək edir. Eskalatorların iş rejimində ən vacib məsələ bir eskalatorun daim ehtiyyatda saxlanılmasıdır. Dörd eskalator olan stansiyalarda bir qayda olaraq iki eskalatorun zəruri hallarda üzü yuxarı işləməsi təmin olunur. Üç eskalatorlu stansiyalarda isə iki əks istiqamətli eskalatorun işi təmin olunur. Xüsusi hallarda bütün eskalatorların qoşulmasına icazə verilir. Lakin dörd eskalatorlu stansiyalarda buna xüsusi zərurət olmur. Metropolitenin əsas məqsədi sərnişin çox olan stansiyalarda platformanın çox yüklənməsinin qarşısını almaqdır”.