“15 iyun Azərbaycanı bugünkü zəfərlərə gətirib çıxaran tarixdir” - TARİXÇİ DANIŞDI

12 İyun 2024 14:53 (UTC+04:00)

“1991-ci ilin oktyabr ayında Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra ölkə daxilində gərginlik hökm sürürdü. Həmin illərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın torpaqlarının işğal olunması gərginliyi daha da artırırdı. Belə bir vəziyyətdə Azərbaycanı bu ağır vəziyyətdən xilas etməyə qadir bir şəxsiyyət, lider lazım idi. Bu liderlik xüsusiyyətlərini özündə birləşdirən məhz Ulu Öndər Heydər Əliyev idi”. Bu sözləri SİA-ya açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib.

Ü.Məmmədzadə bildirib ki, 1993-cü ildə xalqın təkidi ilə Ümummilli Lider iyunun 9-da Naxçıvandan Bakıya gəlir və bir neçə gün sonra, yəni iyunun 15-də hakimiyyətə qayıdır: “15 iyun tarixi, həqiqətən də, Azərbaycan tarixində dönüş nöqtəsidir. Həmin tarixdən sonra dövlətimizin taleyinə Günəş doğur, Azərbaycanı bugünkü zəfərlərə gətirib çıxaran məhz həmin tarixdir.

Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra xarici siyasətdə prioritetlərdən biri Ermənistan-Azərbaycan konfliktinin nizama salınması olur. 1994-cü ildə də müvəqqəti atəşkəs elan olunur. Bu Azərbaycan üçün çox vacib idi. Çünki Azərbaycan özünü bərpa etməli, iqtisadiyyatını inkişaf etdirməli idi. Ümummilli Lider sayəsində Azərbaycanın hər bir sahəsində yüksələn xətlə inkişaf siyasəti yürüdülür. Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməllərə əsaslanan addımlar atılır.

1994-cü ilin sentyabr ayında “Əsrin Müqaviləsi” imzalanır. Bu müqavilə dövlətimizin tarixində yeni zirvələrə açılan yol olur. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilən zaman həyatının, fəaliyyətinin yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına həsr olunacağını bildirir. Həqiqətən də, Ulu Öndər hər zaman Azərbaycanın inkişafı üçün mühüm işlər görür. Artıq Azərbaycan güclü dövlətdir, bütün sahələrdə sözünü deyib. Artıq Qafqazda ölkəmizin razılığı olmadan qərarlar qəbul olunmur. Bugünkü zəfərlərimizin təməlində də məhz 15 iyun tarixi dayanır”.