"Azərbaycan sülhün əldə edilməsində maraqlıdır sülhü dəstəkləyir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

12 İyun 2024 14:52 (UTC+04:00)

"Ermənistan konstitusiyası regionda sülhə mane olan əsas faktorlardan biridir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert, deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, həmin konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları öz əksini tapıb: "Ona görə də sülh müqaviləsinin bağlanması və çərçivə sənədinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi və ərazi iddialarının konstitusiyadan çıxarılması çox vacibdir. Ümumiyyətlə, öz konstitusiyasında qonşu dövlətlərə qarşı ərazi iddiası irəli sürən ölkə dayanıqlı sülhün əldə edilməsinə töhfə verə bilməz. Ona görə də bunun dəyişilməsi və bütövlükdə beynəlxalq prinsiplərə uyğun olaraq Ermənistan konstitusiyasında heç bir ölkəyə qarşı ərazi iddiasının əks olunmaması çox vacibdir.

Cənab Prezident İlham Əliyev tərəfindən bu məsələ çox aydın şəkildə qeyd olundu. Azərbaycan Prezidenti Ermənistanla sülhün əldə edilməsi üçün mövcud baryerləri qeyd etdi. Təbii ki, Azərbaycan sülhün əldə edilməsində maraqlıdır, sülhü dəstəkləyir. Amma dayanıqlı sülhün əldə edilməsi üçün birmənalı şəkildə Ermənistan tərəfinin sülhə mane olan faktorları, o cümlədən konstitusiyadakı ərazi iddiaları ilə bağlı müddəaların daha qısa zamanda aradan qaldırılmasına ehtiyac var".