Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı möhkəmləndirilir

12 İyun 2024 12:23 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Misir Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfərin əsas məqsədi Azərbaycanla Misir arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

Ölkələrimiz arasında olan yüksək münasibətlər dərin tarixi-mədəni bağlılığı gücləndirir. Səfər çərçivəsi zamanı imzalanacaq sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək.

Cari ilin 8 iyun tarixində Qahirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatlarla çıxış edərək bildirmişdir ki, “Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Keçən il biz Prezident əs-Sisini Azərbaycanda qəbul etmişdik, bu il mən səfər edirəm. Yəni, bu onu göstərir ki, siyasi dialoq müntəzəm xarakter daşıyır. Biz razılaşdıq ki, bu siyasi dialoq bundan sonra da davam etdirilsin. Mən Prezident əs-Sisini Bakıda keçiriləcək COP29 konfransına dəvət etdim və şadam ki, mənim dəvətim qəbul edilmişdir. Eyni zamanda, bildirdim ki, Misirin COP27 sədrliyi və ev sahibliyi böyük uğurlarla nəticələndi. Bu münasibətlə həmkarımı təbrik etdim və eyni zamanda, Misirin bu sahədəki təcrübəsini öyrənmək üçün müraciət etdim və bizim nümayəndələrimiz daim təmasdadırlar. Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Əslində, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk. Bildiyiniz kimi, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur”. Qeyd etmək lazımdır ki, Azərbaycanla Misir arasında əlaqələr qədim tarixi köklərə bağlıdır. Hələ Azərbaycan SSRİ tərkibində olan vaxtlarda Misirlə yaxın dostluq əlaqələri mövcud olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu dostluq əlaqələri güclənmiş və son zamanlar daha da dərinləşmişdir. Azərbaycanla Misir münasibətləri özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bakı və Qahirə arasında intensivləşən əlaqələr, imzalanan sənədlər hər iki xalqın maraqlarına cavab verir. Ölkə başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından ölkələrimiz üçün yeni imkanlar yaradır və ölkələrimiz arasında münasibətlərin inkişafı üçün böyük potensialın olmasından xəbər verir. Bu baxımdan cənab İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə yeni töhfələr verəcək. Ölkələrimiz arasında olan əməkdaşlıq dünyada islamofobiya meyillərinin gücləndiyi dövrdə xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz beynəlxalq miqyasda özünü göstərən dini, irqi ayrı-seçkilik kimi zərərli tendensiyalara qarşı fəal mübarizə aparır. Belə olduğu halda İslam həmrəyliyi prinsipini rəhbər tutan Azərbaycan bu baxımdan ərəb dövlətləri ilə həm ikitərəfli eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və başqa beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrində hər zaman Misirlə münasibətləri xüsusi əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı,
Rauf Əliyev