Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək vermək məqsədilə Bakıda Qırmızı Ürəklər (Red Hearts) Fondunun, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Qan Donorları Assosiasiyasının, Mərkəzi Qan Bankının birgə tərəfdaşlığı ilə “Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu”nun açılış mərasimi keçirilib. SİA xəbər verir ki, Ümumdünya Qan Donoru Günü ərəfəsində keçirilən forumun məqsədi respublikada qan donorluğunun inkişafına dəstək, könüllü qanvermənin əhəmiyyəti barədə insanların məlumatlandırılması, daha çox insanın könüllü donorluğa həvəsləndirilməsi, eyni zamanda, irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların sağlamlığının bərpası üçün qan donorluğu istiqamətində cəmiyyətin maarifləndirilməsidir.
Forumda qeyd edilib ki, ölkə ictimaiyyətinin diqqətini bir daha bu sahəyə yönəltməklə qan vermənin faydalarını daha geniş auditoriyaya çatdırılması vacibdir.
Tədbirdə iştirak edən paytaxtdan və regionlardan seçilmiş 25 gənc “Gənc qan donorlarının ictimai müzakirə platforması” layihəsi çərçivəsində təşkil olunan 3 günlük təlimlərdə iştirak edəcək. Gənclər arasında yaradılan kommunikasiya və aldıqları təlimlər imkan yaradacaq ki, ölkədə qan donorluğu istiqamətində mobil könüllü qruplar olaraq fəaliyyət göstərsinlər.
Layihənin əsas məqsədi ölkənin müxtəlif rayon və şəhərlərindən olan gənclər arasında “könüllü donorluq şəbəkəsi”nin qurulması və təcrübə mübadiləsi imkanlarının yaradılmasıdır. Belə maarifləndirici tədbirlər təlimatlandırılmış “Mobil könüllülərin” yaşadıqları ərazidə fəaliyyətlərini geniş miqyasda icra etməsi üçün şərait yaradır.