"Sertifikasiya imtahanından ilk dəfə minimum keçid balını keçə bilməyən müəllimlərə növbəti sertfikasiya imtahanında iştirak etmək üçün daha bir şans verilir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.
O bildirib ki, növbəti imtahan cəhdinə qədər müəllim dövlət tərəfindən imtahana hazırlıq üçün ödənişsiz kurslara cəlb olunur: "Həmçinin ilk sertifikasiya imtahanından keçid balını keçə bilməyən müəllim növbəti sertfikasiya imtahanına fərdi qaydada özünü təhsil yolu ilə hazırlaşa bilər. Əgər 2-ci cəhd sertifikasiya imtahanında minimum keçid balını toplaya bilməyən, xüsusən həssas kateqoriyadan olan (şəhid ailə üzvü, qazi, veteran ailə üzvləri və s.) üçün sosial işlərlə təminat imkanları yaradılır.
Minimum keçid balını hər 2 cəhddə toplaya bilməyən müəllimin əmək müqaviləsinə xitam verilir. Ötən ilki sertifikasiya imtahanından fərqli olaraq, bu il riyaziyyat və ingilis dili fənni də daxil olmaqla təxminən 30 min təhsilverəni prosesə cəlb edilib. Bu da o deməkdir ki, müəllimlərin böyük əksəriyyətinin, yəni 80 %-nin əməkhaqqısı əlavələrlə birlikdə ya 10, ya da 35 % artacaq.
Sertifikasiya imtahanında uğur qazanmayan müəllimlərin (MİQ) imtahanlarında iştirakı səlahiyyətləri əllərindən alınmır. MİQ-də iştirak edib digər insanlarla müqayisədə daha yüksək nəticə əldə etsələr, təbii ki, onların məktəbə qayıtmaq şansı və hüququ var. Lakin təcrübəyə əsasən demək olar ki, təhsilverənlərə sertifikasiya imtahanında ona verilən iki şansda, eləcə də keçirilən təlimlər nəticəsində yenə də uğur qazanmırsa, 15-20 il işləyəndən sonra sadə imtahandan keçmirsə ehtimal böyükdür ki, bu insanların böyük əksəriyyəti aktiv tədrisə qayıtmayacaq.
Bu il də təkrar sertifikatlaşdırma prosesində uğur qazanmayan təhsilverənlərin ailə tərkibi və sosial vəziyyəti kimi məsələlərə baxılması məqsədilə yerli təhsili idarəetmə orqanlarında komissiyalar yaradılacaq. Komissiyalar tərəfindən sözügedən məsələlərlə bağlı müraciətlər araşdırılacaq və həmin təhsilverənlərin digər pedaqoji vəzifələrdə işlə təmin olunması məsələsinə baxılacaq. Sertifikatlaşdırma qaydasında da qeyd edildiyi kimi təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi ləğv edilir".