"Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi və iki qardaş dövlət arasındakı əlaqələrin yeni bir mərhələyə yüksəldilməsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Kərimli deyib.
O bildirib ki, bəyannamənin imzalanması elə bir zaman kəsiyinə təsadüf edir ki, həm mənəvi, həm də siyasi yükünə görə, bundan daha uyğun bir vaxtın seçilməsi mümkün deyildi: "Şuşa bəyannəməsinin Azərbaycanın bir dövlət olaraq yer üzündən silinməsini hədəfləyən bütün oyunların pozulmasının başlanğıcı olan Milli Qurtuluş Günündə imzalanması bir millətin iki dövlətinin əbədiyyətə qədər bir olacağının mübarək imzalarla təsdiqlənmiş rəmzidir.
Müstəsna siyasi və tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsində qeyd olunur ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlib və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub.
Şuşa Bəyannaməsi milli iradəsinin təntənəsi, siyasi, hərbi, mədəni, iqtisadi əhəmiyyət daşıdığı qədər də mənəvi önəm kəsb edən bir sənəddir. Şuşa Bəyannaməsi haqqında söz açarkən, Azərbaycan-Türkiyə münasibətlərini indiki səviyyəyə çatdıran, misli görünməmiş qətiyyət və siyasi iradə nümayiş etdirən liderlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri haqqında söz açmamaq mümkün deyil. Azərbaycan-Türkiyə münasibətləri ortaq dil, tarix, mədəniyyət kimi mühüm əsaslara söykənir. Amma dünyada baş verən proseslər sübuta yetirir ki, strateji münasibətlərin Azərbaycan-Türkiyə səviyyəsinə çatdırılması üçün ortaq dil, mədəniyyət və tarix kimi amillər yetərli deyil. Belə məsələlərdə milli iradəni olduğu kimi, dəqiqliklə, həm tarixi prosesləri düzgün təhlil edərək, həm də perspektivləri doğru dəyərləndirərək ifadə etmək, qarşılıqlı etimadlı münasibətləri inkişaf etdirmək mühüm əhəmiyyət kəsb edir.
Heç kimə sirr deyil ki, Azərbaycan və Türkiyənin təşəbbüsləri və iştirakları ilə həyata keçirilən layihələr, qarşılıqlı münasibətlərin indiki səviyyəyə çatdırılması digər qardaş xalqların da Türk dünyasının gələcəyinə böyük ümidlərlə baxmalarına zəmin yaradıb. Azərbaycan-Türkiyə münasibətləri Türk Dünyasının siyasi, iqtisadi, mənəvi, ideoloji lokomotivi, hərəkətverici qüvvəsidir.
Şuşa Bəyannaməsi iki dövlət arasındakı strateji müttəfiqliyi ifadə edən sənəddən daha böyük, özündə Azərbaycan və Türkiyənin qardaş xalqlarının çoxəsrlik arzularını ifadə edən tarixi, siyasi, milli-mənəvi əhəmiyyətə malikdir". Onun sözlərinə görə, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür: "Bu, tarixi həqiqətdir və ötən hər gün Heydər Əliyevin Azərbaycan xalqının və dövlətçiliyinin tarixində oynadığı rolun tarixi əhəmiyyətini daha qabarıq şəkildə diqqətə çatdırır.
Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, böyük siyasi və dövlət xadimi, xalqın şəriksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının Ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb.
Azərbaycan xalqı öz milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar edib. Xalqının dar gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıdıb. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılayaraq, həmin günü Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazıb.
Tarix isə - istər uzaq olsun, istərsə də yaxın - təkcə səlnaməçilərin keçilən yol kimi yaddaşa köçürmələri üçün gərəkli olan zaman kəsiyi deyil, həm də nəticə cıxarmaq üçün ən önəmli vasitədir. Bu baxımdan, ötən əsrin 90-cı illərində baş verən hadisələrin, ölkəni xaosa, qarşıdurmaya sürükləyən, parçalanma təhlükəsi qarşısında qoyan təcrübəsiz, bacarıqsız, siyasət və idarəetmə sahəsində istedadı olmayan insanların buraxdığı səhvlərin unudulmaması həm də ona görə vacibdir ki, oxşar hadisələr bir daha təkrarlanmasın, ölkəmiz, dövlətimiz nəticələrinin aradan qaldırılmasına uzun illər lazım olan təhlükələrlə qarşı-qarşıya qalmasın. Kimsəyə sirr deyil ki, Azərbaycan həmin dövrdə uçurumun bir addımlığında idi. Əgər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı olmasaydı, bu gün bəlkə də Azərbaycan adlı dövlətin mövcudluğundan söhbət gedə bilməzdi".