"Qarabağa qayıdış bir milli qürur, ədalətin bərpasıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

6 İyun 2024 16:50 (UTC+04:00)

“Vətən müharibəsi başa çatdıqdan dərhal sonra cənab Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağda sürətli abadlıq, quruculuq işlərinə başlanıldı. Əsas prioritet məcburi köçkünlərin doğma-yurd yuvasına qayıdışını maksimum qısa müddətdə təmin etmək oldu. 19 iyul 2022-ci ildə Zəngilanın Ağalı kəndinə ilk köç başladı. Bundan sonra yüzlərlə ailə Zəngilana, Füzuliyə, Laçına, Şuşaya, Kəlbəcərə, Xocalıya, Xocavəndə köçürülüb”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.

Elşad Məmmədli sözlərinə belə davam edib: “Qarabağa qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunub. Proqrama əsasən, Qarabağ və Şərqi Zəngəzura 2026-cı ilədək 34 min 500 ailə köçürülməsi nəzərdə tutulur. Bu o deməkdir ki, qarşıdakı 3 ildə 150 minə yaxın keçmiş məcburi köçkün öz ata-baba yurdlarına qayıdacaq.

Məsələnin siyasi, strateji, sosial cəhətlərini geniş şəkildə şərh etmək olar. Başlıca məsələ isə odur ki, Qarabağa qayıdış bir milli qürur, ədalətin bərpasıdır. Buna biz cənab İlham Əliyevin cəsarətli, usta siyasəti, xalqımızın, ordumuzun şücaəti ilə nail olduq. Bilirsiniz ki, işğal dövründə ermənilər bütün Qarabağı darmadağın edib və hər addımı minalayıblar. Paralel olaraq həm ərazilərimiz minalardan təmizlənir, həm də sürətli tikiniti-quruculuq işləri sürətlə davam etdirilir.

Hazırda Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın və Kəlbəcərdə infrastruktur yenidən qurulur. Azərbaycan heç bir donorun, digər dövlətlərin və beynəlxalq təşkilatların yardımı olmadan azad edilmiş ərazilərini abadlaşdırır. Bu, dövlətimizin qüdrətinin, iqtisadi gücünün göstəricisidir. Qayıdış sürətləndikcə Qarabağımız daha da abad olacaq və sözün əsl mənasında dünyanın cənnət guşələri sırasında ön yerlərdə olacaq”.

Ayşən Vəli