"Dünya ölkələrində təhsil mühitində adambaşına maliyyələşdirmə sistemi uzun illərdir ki, tətbiq olunur". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.

O bildirib ki, bizdə isə bununla bağlı təcrübəmiz çox deyil: "2010-cu ildən etibarən bu prosesə başlamışıq. Adambaşına maliyyələşdirmənin ilk addımları məhz o vaxtdan etibarən atılıb. Təbii ki, yalnız ali təhsil seqmentini əhatə edib. Çünki 2010-cu ildən hazırlanan sənədlər, rəsmi qərarlar yalnız ali təhsil müəssisələrinin adambaşına maliyyələşdirmə mexanizmini özündə əsaslandırırdı. Bu da başa düşüləndir. Çünki birdən-birə bizdə belə bir təcrübə olmadığı üçün bütünlüklə ümumtəhsil seqmentinə bunu aid etmək qeyri-mümkün olardı. Nə yaxşı ki, yalnız bura bəlli sayda olan ali təhsil müəssisələri əlavə edildi. Bunlar 29 dövlət, 8 özəl ali təhsil müəssisəsini əhatə etdi.
Bilirik ki, adambaşına maliyyələşmə prinsipi 3 variantdan ibarət olur; Birincisi, ali təhsil müəssisələrinin öz təklifi əsasında bu proses aparılır. Bu da inkişaf etmiş ölkələrə məxsusdur. Amerika, Böyük Britaniya, Fransa və sair. kimi ölkələrə aiddir. Belə maliyyələşmə mexanizmi ali məktəbin fəaliyyətinin nəticələrindən asılı olmur. Əsasən də, əvvəlki illərin xərcləri nəzərə alınmaqla müəyyənləşdirilir.
İkincisi, nəticələr üzrə maliyyələşmədir. Universitetin göstəricisi necədirsə, maliyyələşmə prinsipi də ona görə həyata keçirilir. Üçüncü və ən çox yayılmışı isə bir tələbəyə düşən xərcin hesablanması ilə adambaşına maliyyələşmə prinsipinin aparılmasıdır. Bizim də ali təhsil müəssisələrimizdə məhz bu tendensiya rol oynamağa başladı".
Onun sözlərinə görə, dövrü mətbuatdan oxuyuruq ki, Elm və Təhsil Nazirliyi, onun tabeliyində olan MÜTDA artıq orta ümumtəhsil müəssisələrində adambaşına maliyyələşmə mexanizminin tətbiqi barədə müəyyən müzakirələr aparır: "Bununla bağlı qərar verilməyib. Qərar verilsə də, bu, yalnız pilot məktəblərində həyata keçiriləcək. İki il bundan əvvəl də orta ümumtəhsil müəssisələrində şagird davranış qaydalarının tətbiqi yalnız pilot məktəblərində keçirildi. Bütün layihələr əsasən seçilmiş pilot məktəblərində həyata keçirilir. O cümlədən, bu layihə üçün də müəyyən pilot məktəbləri seçilib. Məsələ müzakirə mərhələsindədir, fikirlər səsləndirilir, təkliflər müzakirə edilir, veriləcək qərarlar üçün vacib rol oynayan işlər təşkil olunur.
Universitetlərdə ixtisaslara görə də dəyişir. Məsələn, Tibb fakültəsində oxuyan tələbənin başına maliyyələşmə prinsipində ona ayrılan məbləğ daha çoxdur, nəinki başqa universitetdə humanitar əsasda oxuyan bir tələbəyə ayrılan məbləğ.
Orta ümumtəhsil müəssisələrində düşünmürəm ki, bu cür çoxşaxəliliyə gedilsin, bu cür fərqliliyə yol verilsin, universitet universitetdir. Bunun ixtisas və universitetə görə dəyişmə mexanizmi var. Amma orta məktəbdə bu olmayacaq. Orta məktəbin başqa çətinlikləri olacaq. Birincisi, universitetlərdən kontingent orta məktəblərə nisbətən xeyli azdır.
Bizim bu gün bəzi orta məktəbimiz var ki, orada 1,6 milyon şagird təhsil alır. Kifayət qədər böyük rəqəmdir. Bunların adambaşına maliyyələşmə mexanizmi necə olacaq? Məncə, biz bir neçə il bunu pilot məktəblər üzərində görəcəyik. Bu məktəblərin müstəqilliyini, onların yalnız büdcə mexanizmi əsasında fəaliyyətini deyil, ancaq modern təhsil müstəvisində olan dünya məktəbləri ilə eyni prinsiplər əsasında maliyyələşməsini özündə ehtiva edə bilər. Amma baxır ki, bu işlək mexanizm necə həyata keçiriləcək. Bizim hələ məktəblərlə bağlı belə təcrübəmiz olmayıb. İlk illər, təbii ki, çətin olacaq. Pilot məktəblərdə bu mexanizm bizə çox şeyləri deyə bilər. Yenə də beynəlxalq təcrübəyə istinad olunsa, adambaşına maliyyə mexanizmini həyata keçirən ölkələr arasında Yaponiya, Kanada, Fransa, İsveç, Norveç, Böyük Britaniya kimi nümunələr çox yaxşıdır. Məsələn, həm ali təhsil, həm də orta ümumtəhsil məktəblərində bununla bağlı yaxşı addımlar atıblar. Hələ ki, müzakirələr gedir. İnanırıq ki, yekdilli qərara gəlinər və ən vacib qərarlar qəbul olunar".