"Sertifikatlaşma müəllimin öz üzərində işləməsi üçün stimuldur". SİA xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
Onun sözlərinə görə, burada əsas məqsəd də təhsilin keyfiyyətinin artırılmasıdır: "Həm 4, həm də 6-ci siniflərin monitorinq imtahanları keçirildi. Bu nəticələr müəllimlərin sertifikatlaşma nəticələri ilə qarşılaşdırıldı.
Sertifikatlaşma prosesi ibtidai sinif müəllimləri ilə başlamışdı. Daha sonra Azərbaycan dili müəllimləri ilə davam etdi. 2026-ci ilə qədər bütün müəllimlərlə bu sertifikatlaşma prosesini yekunlaşdıracağıq. Sertifikatlaşmanın əhəmiyyəti çoxdur. 53 müəllim sertifikatlaşma nəticəsində öz iş yerini dəyişmişdir.
Kimlər sertifikasiyada iştirak edə bilməz: 1. Hamilə qadınlar; 2. Uşağının 3 yaşadək sosial məzuniyyətdə olan; 3. İlk dəfə işə qəbul olunanlar, 3 il müddətində; 4. Azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər buraya daxildir. 8 iyun tarixində 8 min müəllimin iştirakı ilə keçən il kəsilən Azərbaycan dili müəllimləri və xarici dil müəllimləri, ingilis dili müəllimləri arasında sertifikatlaşma imtahanı keçiriləcək".