Ömrün iyunlu günləri…

5 İyun 2024 16:06 (UTC+04:00)

Deyirlər, şair olmaq heç də asan deyil. Fərqli yaradılmalısan. Bir küçədən, bir dalandan keçəndə, bir bağa yolun düşəndə sübhün şehini yarpaqlar üzərində görməyi bacarmalısan. Payızın xəzəlinin pıçıltısını duymalısan. Qisməti, taleyi ayaqlar altında xışıltı nəğməsi oxumaq olan yarpaqlarla danışmalısan. Bir bağın gülünün, çiçəyinin bəzən qönçəsi, bəzən günəşə boylanan tam açmış gözəli, bəzən solub kolların altına tökülən ömrü bitmiş ləçəyi olmalısan...

Şair olmaq asan deyil... Onların ürəyi tam başqa olur. Gözləri tam başqa baxır, beyinləri tam başqa çalışır. Bir söz eşidəndə qulaqlarından birbaşa qəlblərinə axır, oradakı ələkdən keçib ya sözə çevrilib kağızlar üzərinə səpələnir, ya da ruha çöküb oradaca qalır, saçları ağardır... Onlar baxdıqlarını həm də görəndirlər. Təbiətin bir gözəlliyinə, bir qəribəliyinə, küçədəki bir gözələ, xiyabandakı bir ağaca, çiçəyə, şəhərdəki minlərlə insana hamı baxır, lakin görmək bir ayrıdır, yanaşmalar, hiss edilənlər və bir də ən əsası duyğular tam başqadır...

116 il əvvəl dünyaya gözlərini açan, bəhs etdiyim bu duyğuların hər biri anadangəlmə qanına, canına hopan bir Müşfiq vardı. Ətrafa qəlbinin gözləri ilə baxan, ürəyi Vətəninə, anasına, sevdiyinə və ümumilikdə gördüyü hər nələrəsə qəribə bir məhəbbətlə dolu Müşfiq... Bu dünyadan cəmi 29 il, 8 ay qoparıb ona baxmağı bacaran, sevgisi yarımçıq, ömrü yarımçıq Müşfiq... Heç Dilbərindən doymayan, sevgilisinə illərini verə bilməyən Müşfiq... Dünyanın ən gözəl ətrini-övlad ətrini çiyərlərinə çəkib gözlərini yumaraq nəfəsini buraxdığı an qədər onun sahibi olan, gözlərini açdığı an əllərindən axıb gedən bala həsrətli Müşfiq...

Ömrün 5 iyunu...

İl dolana, iyun gələ...Necə anmayasan bu şairi ki, iyunlu günlər qısa ömrünün tarixçəsində xronika təşkil edir. İyun gələ, necə anmayasan Mikayıl Müşfiqi ki, 116 il əvvəlki iyunun 5-də dünyaya göz açmışdı. Cəmi bir qərinəyə yaxın ömrünün silinməz izlərini bu xalqın ədəbiyyat tarixinə möhürləmişdi. Ən gözəl təbiət, sevgi nəğmələrini bizə qoyub getmişdi. O nəğmələr ki, o gün bu gün milyonlarla gəncin sevgi nəğmələridi. Məktublarda, ismarıclarda sevgi mesajlarıdı. Yəni sevənin sevdiyinə sevgisini o şeirlərdən gözəl anladanı varmı? Çünki o şeirlər bütün gənclərin sevdiyi yaşda yazılmışdı. Çılğınlıqla, sevginin gözlərini yumub, qəlbin gözlərini açmaqla, yalnız bu gözlərin gördüyü, hiss etdiyi duyğularla yazılmışdı:

Göy üzünə bircə bax, hər ulduz bir sarı gül,

Yarı qönçə, yarı gül.

Səni gördüm, xəyalım o qədər yüksəldi ki,

Mənə öylə gəldi ki,

Bizə bu nazlı aləm görünərdi qaranlıq,

Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq.

Axı sevdiyi insanın hər anı xoş gəlir insana. Düşünürsən ki, o gülüş, o yeriş, o cizgilər ondan başqa heç kimdə belə gözəl deyildir. Elə Müşfiq də belə düşünüb, belə yazırdı:

Sənin gülüşlərin bir ruzgar kimi

Əsərkən arzumun gülü açılır.

Gülsə dodaqların ulduzlar kimi

Ruhuma bir sərin işıq saçılır.

Sevgi oxşayır sevənin ruhunu, alır onu özündən, yerdəmi, göydəmi olduğunu hiss etmir. Bəzən araya inciklik düşər, sevənə bu an rüzgar kimi gələr, bəzən ayrılıq düşər, sevənə bu qar kimi gələr, lakin bütün bunların fövqündə dəruni bir hiss var, adı sevməkdir. Uzaqları yaxın, inciklikləri şirin edən, hər halı ilə sevgini dərinləşdirən, qəlbi dindirən sevgi. Müşfiqin sevgisi:

Sevgi vardır ki, dodaqlarda açar güllərini,

Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.

Sevgi vardır oxudur qəlbdə bülbüllərini,

Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.

Günlərin bir günü sevdaya düşəndə necə Müşfiqi anmayasan?

Mən ki, bilməz idim nədir məhəbbət.

Bu sirri sən mənə anlatmadınmı?

Dünyaya sığmayan şair könlümü

Köksümdən çıxarıb oynatmadınmı?

Və milyonlarla gəncin verdiyi qərar da elə şairin verdiyi qərar kimi olur:

Mehriban sevgilim qarşımda durdu,

Yenə şairliyim başıma vurdu,

Məndən məcnun könül maraqla sordu:

-Bu saçı leyladan necə əl çəkim?

İyun gələ, necə anmayasan şairi ki, açıq pəncərələrdən bayıra süzülən tarın nəğməsidir o. Bir tarın susmamasıyla bir xalqın susmamasına, hüriyyətinə çağırış səsidir:

Oxu, tar!..

Utanma, oxu, tar!

Mədənli Bakımın,

Pambıqlı Gəncəmin,

İpəkli Şəkinin

Acısı, şərbəti,

Alovlu sənəti!

İyun gələ, bağ vaxtı ola, necə anmayasan şairi ki:

Yenə o bağ olaydı, yenə yığışaraq siz,

O bağa köçəydiniz.

Biz də muradımızca fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

Yenə o bağ olaydı, səni tez-tez görəydim.

Qələmə söz verəydim.

Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,

Yazaydım səhər-axşam.

Arzuya bax, sevgilim, tellərindən incəmi?

Söylə, ürəyincəmi?-, deyirdi, hisslərini, duyğularını misralara köçürməklə yaşayırdı.

Ömrün 4 iyunu

Müşfiq haqqında çox əsərlər, monoqrafiyalar, məqalələr yazılıb. Həyatı, fəaliyyəti ayrı-ayrılıqda təhlil olunub. Araşdırmalar aparılıb, ailəsi, həyat yoldaşı, dostları, düşmənləri üzə çıxarılıb və bunların hər biri barədə də dəfələrlə oxumuşuq. Ona görə də bu yazını şairdən 85 illik ayrılıq kəsiyində onun həyatındakı iyunlar üzərində qurmağa çalışdım. Çünki şairlə bağlı diqqətimi çəkən ən çox bu iyunlar oldu. Bir anlığa bir alın yazısı qarşısında düşüncələrə daldım. Bir insanın dünyaya gəlişi də, paxıllığın qurbanı olması da, dünyaya gözlərini yummasına gedən yol –hamısı eyni ayamı yazılıbmiş?..

ARAYIŞ. NKVD-nin 27 may 1937-ci ildə təhlükəsizlik kapitanı Çinmanın tərtib etdiyi arayışda qeyd olunmuşdu: “Mikayıl Müşfiq hal-hazırda “Müsavat” gənclər təşkilatı ilə əlaqə saхlayıb, partiya və hökumətin ünvanına böhtanlar deməkdən çəkinmir” .

Bundan əlavə arayışda Müşfiqin “Azərbaycanın öz azadlığı yoхdur, o, Rusiyanın koloniyasında yaşayır” kimi qızışdırıcı sözləri ilə хalqın arasında narazılıq yaratmaq istəyi iddia olunurdu. Həbs olunmuş müttəhimlərin “könüllü” surətdə yazdığı izahatlar da nəzərə alınmış və müstəntiq tərəfindən hazırlanan həmin arayışa əsasən Mikayıl Müşfiqin adına iyunun 3-də 508 nömrəli order yazılmış, cümə günü, iyun ayının 4-də isə evində həbs edilmişdi.

Hüseyn Cavid, Əhməd Cavadla eyni fikirli, eyni ruhlu gənc şair, bəli, Azərbaycanın hüriyyəti, azadlığı üçün mübarizə aparanlardan idi. Üsyankar şair “Azərbaycanın öz azadlığı yoхdur, o, Rusiyanın koloniyasında yaşayır” sözlərini demişdi. Stalini, Lenini, sovet quruluşunu mədh edən əsərlər də yazmışdı. Lakin bu əsərlər sadəcə gözdən pərdə asıb arxasında xalqının istəklərini həyata keçirmək üçün Müşfiqin həmin quruluşa nifrətinin məhsulları idi. Bütün bunlar isə kənardan açıqca görünürdü. Və şairin ətrafındakı paxılların satqınlığı onun gənc ömrünün baharını qışa çevirməkdəydi. Özünün də dediyi kimi:

Mən gəncəm bilirəm istiqbalım var,

Hələ bədr olmamış bir hilalım var.

Yelkənim açılır, qara yel əsmə,

Mənim bu dəryada bir sandalım var!

Bir külək əsirdi şairə sarı. Qorxulu bir külək. Qoparıb onu elindən, Dilbərindən, qələmindən, dostundan aparmaq istəyirdi. Apardı da. Şairin “Küləklər”i kimi:

Bəziniz qorхulu, bəziniz qorхusuz,

Bəziniz duyğulu, bəziniz duyğusuz,

Bəziniz uyqulu, bəziniz uyqusuz,

Кüləкlər, кüləкlər, еy sərin кüləкlər,

Sizdə var qoхusu hər yеrin, кüləкlər!

Yeni bir 5 iyun-şairin son doğum günü

1937-ci il iyunun 5-də şairin 29-cu doğum günündə ilk istintaq keçirilir. Bu, şairin son doğum günü olur. Günahsızlar kürsüsündə müttəhim kimi doğum gününü qarşılayan şairin. Və 5 iyun istintaqı özündən sonrakı bir neçə istintaqla şairi 30 yaşa çatdırmayacaq bir nöqtəni qoyacaqdı. Müşfiqin nakam ömrünün nöqtəsini. Bu nöqtə repressiyanın yüzlərlə qurbanı üçün qoyulsa da, həm də ədalətsizliyə xitam nöqtəsi idi. Odur ki, bu dünyanın Müşfiq kimi ədalətli insanları hər zaman özünün də yazdığı kimi gözəl xatırlanacaqlar:

Məni gözəl xatırla,

Bunlar son misralar

Fərz et ki, bir külək idim, əsib keçdim həyatından

Ya da bir yağmur, sel oldum çöllərdə

Sonra torpaq çəkdi suyu canına

Yox olub getdim, bəlkə röya idim səninçün

Oyandın və mən bitdim.

Lakin bir müşfiqsevər kimi ondan söz düşəndə də, iyun ayı gələndə də şairi ən dəruni hisslərlə xatırlasam da, bir də onu öz-özümə pıçıldayıram ki, isti iyun günləri bir insanın həyatının bu qədərmi şaxtasına, soyuğuna çevrilə bilərmiş?..

Mətanət Məmmədova