“Qədim zamanlardan bəri xəyanət, sevgi, nifrət, ölüm, doğuş, eşq kimi hislər bütövlükdə insanları hər zaman düşündürmüş, real həyatda, istərsə də bədii ədəbiyyatda bir nörməli süjet xəttinə çevrilib. “Leyli və Məcnun” kimi əsərləri bəh-bəh ilə oxuyan, tamaşa və fimlərə baxan şəxslər xəyanət mövzusunu sosial şəbəkələrdə, televiziya kanallarındakı sosial verlişlərdə gördükdə heyrətlənir, etiraz edirlər. Halbuki xəyanət məsələsi ölkələr, fərdlər arasında hər zaman aktual olub”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, xəyanət insan psixologiyasına aid olan bir hadisə olduğuna görə, həm insanlar, həm də geniş kütlələr tərəfindən böyük reaksiyalarla qarşılanır: “Əgər real həyatda xəyanət yoxdursa, bu televiziyada da öz əksini tapa bilməz. Xəyanət faktoru çoxalırsa, kütləvi hal alırsa, bu məsələnin sosial şəbəkələr və televiziyalarda müzakirə edilməsində normal qarşılanmalıdır.
Ümumiyyətlə bir hadisənin ictimailəşməsi həmin məsələyə olan marağı ifadə edir. Bu zaman insanlar məsələni müzakirə edən zaman istər-istəməz sosial mahiyyəti ortaya qoyulur. Əgər söhbət xəyanətdən gedirsə və bu ictimailəşdirilsə, deməli əhali tərəfindən buna sosial-mədəni sifariş var. Hüquqi və mənəvi cəhətdən xəyanətin müxtəlif cəhətləri müzakirə oluna bilər. Təbii ki, əxlaqi dəyərlərə sığmayan bir məsələdir. Lakin bu məsələnin müzakirə edilməsi əxlaqi baxımdan dəyərləndirilə bilməz. İnkişaf etmiş cəmiyyətlərin televiziya kanallarındakı müzakirələrə diqqət etsək, daha çox elmi, intellektual mövzuların çoxluq təşkil etdiyini görərik. Bizim televiziya kanallarında isə hələ də orta əsrlərin “ər-arvad” məsələləri müzakirə olunur”.