“Erməni işğalının kökündə Gəncə qiyamı durur” - ŞƏRH EDİLDİ

4 İyun 2024 10:21 (UTC+04:00)

“1993-cü il 4 iyunda baş tutan Gəncə qiyamı Azərbaycan xalqının tarixində və taleyində ağrılı bir hadisədir. 1991-ci ilin oktyabrında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, onun şirinliyini dadmaq mümkün olmadı. Ölkə daxilində hakimiyyət uğrunda mübarizə, ölkədən kənarda isə erməni-daşnak qüvvələri başda olmaqla Ermənistanın havadarlarının Azərbaycan ərazisinə olan iddiaları və torpaqlarımızın işğalı, Qərbi Azərbaycandan yüz minlərlə insanın qovulması və nəhayət Qarabağda baş verən hadisələr üçün dövlətimizdə elə bir hakimiyyətə ehtiyac var idi ki, hamı onun ətrafında indiki dillə desək, “dəmir yumruq” kimi birləşə bilsin. Təəssüf ki, hakimiyyətin özündə olan müəyyən qüvvələrdən hakimiyyətə etimadsızlıq, hər bir imkanlının özü üçün silahlı dəstə yaratmaq fikri mərkəzi hakimiyyəti zəiflətdi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, təbii ki, mərkəzi hakimiyyəti gücləndirmək üçün cəhd göstərildi: “Amma qiyam baş verdi və bunun nəticəsində 1992-ci ildə qurulan hakimiyyət öz ağır günlərini yaşamağa başladı. Təsadüfi deyil ki, Gəncədə qardaş qanı töküldü. Hər iki tərəf azərbaycanlı idi, amma hakimiyyət hərisliyi o qədər şirin oldu ki, milli düşüncə arxa plana keçdi. Bu mənada dünənə qədər bu hakimiyyətə qulluq edən biri qiyama rəhbərlik etdi və hakimiyyəti devirmək üçün mümkün olanlara getdi. Xoşbəxtlikdən, Azərbaycan xalqının tələbi ilə Ümummili Lider Heydər Əliyev hakimiyyətə çağırıldı. Bu, təkcə xalqın istəyi deyildi. Mövcud iqtidar da Naxçıvanda Ali Məclisin Sədri kimi fəaliyyət göstərən Heydər Əliyev ilğ danışıqlar apardı, Onun gəlişinə nə üçün ehtiyac olduğunu əsaslandırdı. Nəhayət, Ulu Öndər Heydər Əliyev Azərbaycana gəldi və mövcud durumun içinə daxil oldu. Vətəndaş müharibəsinin qarşısını almaq üçün mümkün olanları etdi. Ən böyük uğur ondan ibarət oldu ki, Heydər Əliyev ölkəmizdəki vəziyyəti sabitləşdirə bildi və erməni hərbi birləşmələrinin Azərbaycan üzərinə yürüşünün qarşısını aldı”.

Deputat vurğulayıb ki, ölkədə vətəndaş müharibəsi baş versə idi, ermənilər də bu vəziyyətdən çox böyük məharətlə istifadə edib torpaqlarımızın işğalını daha da artıra bilərdilər: “Amma hər halda ermənilər də mümkün olanları etdilər. Yəni, Azərbaycan torpaqlarının böyek bir hissəsini işğal etdilər və milyonlarla azərbaycanlı qaçqın və köçkün həyatı yaşamağa başladı. Təbii ki, bunların hər birinin kökündə 4 iyunda baş vermiş Gəncə qiyamı dayanırdı. Qiyam baş verməsəydi və ya qarşısını almaq üçün Ümummilli Lider vaxtında Bakıya çağırılsa idi, işğalın da qarşısı alınardı. Lakin bu da acı və ibrətli bir tarixdir. Bu tarixdən də nəticə çıxardıq ki, 44 günlük Vətən müharibəsi ilə düşməni darmadağın etdik. Bunun üçün isə Prezident İlham Əliyevin sözləri ilə desək, xalq və iqtidar birliyi yaradıldı. Bu birliyin nəticəsi idi ki, torpaqlarımızı işğaldan azad etdik və Azərbaycan öz suverenliyini bərpa etdi”.

Ləman Sərraf