Qlobal dünyada miqrasiya nədir? - TƏHLİL

3 İyun 2024 16:58 (UTC+04:00)

Müasir və qloballaşan dünyada insan kütlələri daim hərəkətdədirlər. İnsanların köçlərinə miqrasiya (latın dilində: migratio - köçmək) və ya köçetmə - (insanların daimi və müvəqqəti yaşayış yerlərini dəyişməsi, yer kürəsinin bir məntəqəsindən digərinə getməsi) deyirik. Miqrasiya mədəniyyətlər, etnik qruplar və dillər arasında uzun müddətdir mövcud olan sədləri qıraraq müxtəlifliyi, mədəni zənginliyi və iqtisadi canlılığı artırır. Bir çox nöqteyi-nəzərdən miqrasiya çətin və hətta təhlükəli hesab olunur. "Arxeoloqların fikrincə, Yer kürəsindəki demək olar ki, bütün insanlar miqrantdır, çünki insan irqi 200 min il əvvəl Afrikada ortaya çıxıb və sonralar bütün dünyaya, Avropa, Asiya, Avstraliya və Amerikaya yayılıb. Hazırda dünyada təxminən 200 milyon miqrant var. Bu səbəbdən miqrasiya problemləri və təsirləri siyasətçilər kimi siravi insanların da qızğın müzakirə mövzusudur.

İnsanların beynəlxalq sərhədləri aşaraq köç etməsi və ya ölkə daxilində hər hansı məqsədlə hərəkəti miqrasiya hesab olunur. “İmmiqrant” termininə hər hansı tərif vermək isə daha çətindir. “İmmiqrant” termini insanın xarici təzyiqlərdən asılı olmayaraq, könüllü olaraq immiqrasiya etməyi seçdiyi istənilən vəziyyətə istinad etmək üçün istifadə olunur. Belə ki, könüllü miqrasiya vəziyyətində, miqrantların ümumi həyat standartları təmin olunsa da, daha çox iş imkanları və daha yaxşı həyat standartları kimi amillərdən təsirlənirlər. Məcburi miqrasiyaya səbəb olan amillərsə fərdlərin zülm, münaqişə və ya zəruri həyat standartlarının olmaması kimi fundamental hüquqlarının pozulduğu vəziyyətlərdən qaçmasıdır. Beynəlxalq hüquqa əsasən, məcburi köçkünlər, qaçqınlar və sığınacaq axtaranların xüsusi mühafizəsi təmin edilməlidir. Belə ki, hər milyonlarla miqrant iqtisadi çətinliklərdən və insan hüquqlarının pozulmasından qaçmaq üçün vətənlərini tərk edir. Onu da qeyd etmək lazımdır ki, iqtisadi hüquqlarının pozulduğu şəraitdən qaçan insanlar da, məcburi köçkün kimi təsnif edilə bilər.

Miqrasiyanın növlərini daha dəqiq şaxələndirmək istəsək, fərdlərin köçdükləri ölkədə qalma müddəti, hüquqi statusu və motivasiyaları da daxil olmaqla, müxtəlif səbəblərə görə bir çox növlər göstərə bilərik. İmmiqrasiyanın kateqoriyaları aşağıdakı kimidir:

Müvəqqəti əməkçi miqrantlar. Qeyri-qanuni (və ya sənədsiz, icazəsiz) miqrantlar: zəruri sənədlər və icazələr olmadan ölkəyə daxil olanlar.

Məcburi köçkün: sığınacaq axtaran şəxslər və ya silahlı münaqişələr və ya ekoloji fəlakətlər kimi xarici amillərə görə köç etmək məcburiyyətində olan insanlar.
Qaçqın “irqi, dini, milli mənsubiyyəti, müəyyən sosial qrupa mənsubiyyəti və ya siyasi baxışlarına görə təqib olunacağı qorxusundan ölkəsinə qayıda bilməyən” şəxsdir.

Ailə üzvləri: artıq köçmüş olan yaxın qohumlarına qoşulanlar. Geri qayıdan miqrantlar: bir müddətdən sonra başqa ölkədən öz ölkələrinə qayıdan insanlar.

Yüksək ixtisaslı və biznes mühacirləri: transmilli korporasiyaların və beynəlxalq təşkilatların daxili əmək bazarlarında hərəkət edən peşəkarlar.

Günümüzdə də miqrasiya ilə bağlı müzakirələr gündəmdə üstünlük təşkil edir. Miqrasiya ilə bağlı digər bir maraqlı məqam ondan ibarətdir ki, köç edənlərin çoxu öz ölkələri daxilində yer dəyişirlər. Belə ki, ölkə daxilində köç edənlərin sayı xaricdəki mühacirlərin sayından dörd dəfə çoxdur. Bundan əlavə, biz bu köçlərin böyük hissəsinin ölkələrin inkişaf səviyyəsi ilə bağlı olduğunu deyə bilərik. Statistika göstərir ki, inkişaf etmiş olan ölkələr təxminən 55%, inkişaf etməkdə olan ölkələr 40%, inkişaf etməmiş ölkələrsə 5%-ə qədər miqrant qəbul edir. Bu səbəbdən hətta dünyanın ən kasıb ölkələri də qaçqın və sığınacaq axtaranlara kömək etmək öhdəliyi daşıyır.

İmmiqrasiya həm kütlənin gəldiyi, həm də köç edəcəyi ölkələrdə faydalarla birlikdə müxtəlif problemlər də yarada bilər. Birincisi, ölkələrdən miqrasiya çox vaxt ixtisaslı işçi qüvvəsinin getməsinə və beyin axınına gətirib çıxara bilər ki, bu da iqtisadi inkişafda itki yaradır. Bu, əmək bazarında çatışmazlıqlara və müəyyən sektorlarda boşluqlara səbəb olmaqla iqtisadi artıma mənfi təsir göstərə bilər. Eyni zamanda köçü qəbul edən ölkənin yerli işçi qüvvəsinin rəqabət qabiliyyətini azala bilər. Digər tərəfdən, immiqrantların inteqrasiya prosesi mədəni müxtəlifliklə bağlı problemlər yarada bilər. Təyinat ölkələrində immiqrasiya sosial xidmətlərə tələbatı da artırır. Belə ki, miqrantlar təhsil, səhiyyə və mənzil kimi ictimai xidmətlərə ehtiyac duyurlar ki, bu da təyinat ölkələrinin rifah səviyyəsinə əlavə təzyiq yarada bilir.

Digər tərəfdən immiqrasiyanın əmək bazarında zənglinliyi artırmaqla iqtisadi artımı stimullaşdırdığı da bilinir. İmmiqrantlar çox vaxt müxtəlif bacarıq və təcrübələrə malikdirlər ki, bu da işçi qüvvəsinə töhfə verə, rəqabət qabiliyyətini artıra və innovasiyaları təşviq edə bilər. Bundan əlavə, sahibkar olan immiqrantlar öz bizneslərini qurmağa meyllidirlər. Bu da yerli əmək bazarını stimullaşdıra və yeni iş imkanları yarada bilər. Sosioloji nöqteyi-nəzərdən miqrasiya mədəni müxtəlifliyi artırmaqla cəmiyyətləri daha açıq və tolerant olmağa təşviq edə bilir. Fərqli mədəni fonlardan olan şəxslərin bir araya gəlməsi cəmiyyətləri daha zəngin və dinamik edə bilər. Digər tərəfdən immiqrantlar çox vaxt gənc və əmək qabiliyyətli olduqlarından, ortalama yaş həddi qoca olan ölkələr, bu vəziyyətlə mübarizə aparmaq üçün qapılarını miqrantlara açırlar.

Nəticədə miqrasiyanın iqtisadi və sosioloji faydaları əmək bazarında müxtəliflik və innovasiyalar, sahibkarlıq fəaliyyətləri və mədəni zənginləşmə kimi nəticələr yarada bilər. Bununla belə, miqrasiyanın faydalarından maksimum dərəcədə yararlanmaq üçün immiqrantların inteqrasiyasını dəstəkləyən effektiv miqrasiya tədbirləri və balanslaşdırılmış miqrasiya siyasəti qəbul etmək vacibdir.

Zərdüşt Quluzadə