31 may - 2 iyun 2024-cü il tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinintəşkilatçılığı ilə "Qala" Dövlət Tarix-EtnoqrafiyaQoruğunda “Qala Etno Fest” keçirilib. SİA xəbər verir ki, üç gün davam edəcək festivalda Qala Qoruğu ərazisində Azərbaycan xalqının qədim etnik ənənələrini təcəssüm etdirən böyüklər və uşaqlar üçün interaktiv fəaliyyətlər, sərgilər, ustad dərsləri vəyarışlar təşkil olunub, Qala Etno Bazarın və “Qalatarixi fotorlarda” sərgisinin açılışı baş tutub.
Günümüzə qədər qorunub saxlanmış, dublalı (bacalı) evləri ilə məşhur, XVIII əsrə aid unikal Abşeron kəndi nümunəsi olan və hazırda “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda muzey kompleksi formasında qorunan “Dulusçu evi”nin həyətindəki 300 yaşlı püstə ağacının altında ölkəmizin önəmli mədəniyyət xadimləri ilə görüşlər keçirilib. “Püstə ağacının altında görüş” silsiləsində “Türk damğaları”, “Keramika sənəti”, “Abşeron arxeologiyası” və “Dəzgah və kitab qrafikası” mövzularında görüşlərin təşkili etno-mədəni mühitə xüsusi ab-hava qatıb.
Sənətkarlıq və qədim peşələrlə maraqlananlar festival ərazisində böyüklər və uşaqlar üçün təşkil olunan dulusçuluq, xalçaçılıq, boyakarlıq, dəmirçilik, qurama, keçə sənəti, zərgərlik, vitraj, ağac oyma, keramika rəngləmə, ebru və şam düzəltmə üzrə ustad dərslərinə qatılma imkanı yaradılıb.
Qala Etno Fest çərçivəsində, Qala qəsrində “Qalatarixi fotolarda” sərgisi ziyarəçilərə təqdim olunub. Ənənəvi və etno idman növlərinin həvəskarları isə oxatmada iştirak edib, mars güləşində, eyni zamanda nərd, şahmat və dama kimi masaüstü oyunlarda iştirak imkanı əldə ediblər. Tədbirdə uşaqların əyləncəli vaxt keçirməsi üçün etno və uşaq oyunları da təşkil olunub. Daha yaradıcı balaca ziyarətçilər isə rəsmlər çəkə və “Rəsmini yarat” interaktiv fəaliyyətə qoşula bilərlər.
Ənənəvi sənət növlərinin sərgiləndiyi karvansaray üslubundakı Qala Etno Bazar festival günlərindən etibarən ziyarətçilərinə qapılarını açıb və etnobazarın qonaqları həm də ustad dərslərini izləyə bilirlər.
Tədbir iştirakçıları 25-26 may tarixlərində baş tutmuş IX Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin eksponatlarına "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən “Tullantıdan sənətə” muzeyində baxa bilərlər.