“Respublikamızda bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də inkişaf və tərəqqi yoluna qədəm qoymuşuq. Yəni, bu gün respublikamızda bugünkü səhiyyə sistemimizi nəzərən 5-10 il öncəki səhiyyə sistemi ilə müqayisə etsək, nə qədər mühüm inkişaf yolu keçdiyimizi görərik”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib.
Deputat bildirib ki, səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı həkimlərimizin sayının artması səhiyyə sisteminin inkişafındakı əsas amillərdəndir: “Digər məsələ isə İcbari Tibbi Sığortanın reallaşmasıdır. Bu proses Azərbaycan səhiyyə sisteminin dünya səhiyyə sisteminə inteqrasiyasının bir təzahürüdür. Müasir tibbdə ən aktual məsələlərdən biri də “rəqəmsal tibb”dir. Hazırda bütün sahələrdə rəqəmsallaşma gedir və səhiyyənin də rəqəmsallaşmasına start verilib. Bu istiqamətdə xeyli irəliləyiş var. Buradakı problem isə vətəndaşlarımızın rəqəmsal səhiyyə haqqında az məlumata malik olmalarıdır. Yəni, maarifləndirmə işləri KİV-də gücləndirilməlidir. Həmçinin bu məsələdə həkimlərin üzərinə də böyük məsuliyyət düşür. Onlar öz pasientlərini bu barədə məlumatlandırmalıdırlar.
Səhiyyənin keyfiyyətinin yaxşılaşdırılması üçün səhiyyə işçilərinin sertifikasiya imtahanından keçməsi də zəruridir. Bu həkimlərin biliklərinin artırılması, müasir metodların mənimsənilməsi üçün çox yaxşı haldır. Düşünürəm ki, Azərbaycan səhiyyəsi bundan sonra da inkişaf edəcək, dünya səhiyyə sistemindəki yeniliklər Azərbaycan səhiyyəsinə də tətbiq ediləcək”.