“Qədir Aslan-80” xatirat kitabının təqdimatı keçirilib - FOTOLAR

29 May 2024 15:05 (UTC+04:00)

Bu gün Azərbaycan Yazıçılar Birliyi tərəfindən yazıçı-publisist, əməkdar jurnalist Qədir Aslanın 80 illik yubileyi münasibətilə dərc olunmuş “Qədir Aslan-80” xatirat kitabının təqdimatı keçirilib. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri, ictimai-siyasi xadimlər və jurnalistlər iştirak edib.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid kitabın ərsəyə gəlməsində əziyyəti keçənlərə təşəkkürünü bildirib: “Qədir Aslan xoşbəxt insandır ki, onun qayğıkeş ailəsi, övladları var. Kitab da məhz Qədir Aslanın həyat-yaradıcılığını özündə əks etdirir. Qədir Aslanın jurnalist fəaliyyəti bu gün də bizim üçün əhəmiyyətli və gərəklidir”.

Rəşad Məcid Qədir Aslana Azərbaycan Mətbuat Şurasının diplomunu təqdim edib.

Daha sonra isə Azərbaycan Yazıçılar Birliyi Katibliyinin məktubu oxunub və Qədir Aslana təqdim edilib.

Çıxış edən Elçin Hüseynbəyli, Səlim Babullaoğlu və digər ictimai-siyasi xadimlər Qədir Aslanın yaradıcılığı ilə bağlı fikirlər səsləndirib, kitabın olduqca uğurlu alındığını qeyd ediblər.