"Müəllimlərin etik davranış qaydalarında prinsiplər mövcuddur" - AYDINLIQ GƏTİRİLDİ

27 May 2024 14:15 (UTC+04:00)

"Müəllimlərin etik davranış qaydalarında prinsiplər mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.

O bildirib ki, bu prinsiplərdən biri də loyallıqdır: "Loyallıq - müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.

Qəbul olunan qanunlar, qaydalar, rəsmi təlimatlar və digər qanunvericilik aktlarının doğru və yanlış olması haqqında müzakirəni gecikmiş müzakirə hesab edirəm. Müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və video materialların paylaşması doğru deyil.

Məktəbdə işləyən müəllim məktəbdə baş verən və ya mövcud olan rəsmi və qeyri-rəsmi məlumatlara sahib ola bilər. Müşahidə etdikləri hadisələrin şahidi ola bilər. Müəllim hər hansı bir xoşagəlməz hadisəni və ya faktı görərsə, bu məsələni sinif iclasında, valideyn iclasında, pedaqoji şurada, məktəb icmasının müzakirəsinə çıxarması daha doğru olar. Bu qədər müzakirə platformaları olduğu halda hər hansı bir neqativ halı müəllimin sosial mediada paylaşması pis haldır. Müəllimin işi problemi paylaşmaq yox, problemin baş vermə səbəbini, motivini araşdırmaq, həlli yollarını tapmaqdır. Hər hansı xoşagəlməz halın təkrar baş verməməsi üçün profilaktik tədbir görməkdir".

"Məktəb ictimai yerdir. Müəllimlərin məktəb daxilində siqaret çəkməsi ictimai yerdə siqaret çəkməsinə bərabərdir. Müəllim siqareti binanın daxilində yox, məktəb həyətində çəkməlidir. Müəllim şagirdlərinin gözü qarşısında siqaret çəkib də sonra gəlib şagirdlərə pis vərdişlərdən uzaq olmasını tövsiyə edirsə, bu zaman müəllimin sözü və əməli arasında paradoks yaranır.

Müəllimlərə qarşı bu cür qadağalar təhsilə ciddi nəsə qazandırmaya bilər. Ancaq bilin ki, qadağalar da olmasa özbaşınalıqlar çoxala bilər. Beynəlxalq hüquqda belə bir fikir var: "Ən pis qanun, qanunsuzluqdan yaxşıdır”. Ununtmayaq ki, uşaqlar onlara verilən öyüd-nəsihətdən çox, real həyatda gördüklərinə inanırlar. Biz müəllimlər bütün işlərimizlə, əməllərimizlə cəmiyyətə yaxşı nümunələr göstərməliyik" - deyə o, əlavə edib.