Azərbaycanlı səfir Kubanın “Opciones” qəzetinə müsahibə verib

25 May 2024 20:56 (UTC+04:00)

Kubanın “Opciones” həftəlik qəzetində jurnalist Hedelberto Lopez Blankın Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev ilə “Azərbaycan inamla və uğurla inkişaf edir” başlıqlı müsahibəsi dərc edilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, müsahibədə R.Rzayev Azərbaycanın son illərdəki iqtisadi inkişafı, 2023-cü il üzrə iqtisadi göstəricilər, ötən il Azərbaycanın ümum daxili məhsulunun 5 faiz, qeyri-neft sektoru üzrə isə 12 faiz artması, ümum daxili məhsulun 72 milyard ABŞ dolları təşkil etməsi və ölkəmizin xarici borcunun 6,4 milyard dollara düşərək, ümum daxili məhsulun 9 faizdən aşağı olması barədə məlumat verib. Habelə, Azərbaycanın əsas xarici ticarət tərəfdaşları və idxal-ixrac məntəqələri, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quruculuq işlərinin aparılması barədə danışıb.

Müsahibə zamanı səfir, həmçinin Azərbaycan-Kuba ikitərəfli əlaqələrinə toxunaraq, ölkələrimiz arasında son müddətdə münasibətlərin inkişaf etdiyini, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil olunduğunu, Azərbaycanın COP29-a sədrliyini diqqətə alaraq iqlim dəyişikliyi məsələləri daxil olmaqla, iqtisadi-ticarət, səhiyyə, turizm, elm-təhsil, mədəniyyət və idman sahələrində, o cümlədən parlament səviyyəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb.