Azərbaycan və OPEC COP29 ərəfəsində yüksək səviyyəli dialoq keçirəcək

22 May 2024 14:37 (UTC+04:00)

Azərbaycan və Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində bu gün Vyanada yüksək səviyyəli dialoq keçirəcək. SİA bu barədə OPEC katibliyinə istinadən xəbər verir.

“OPEC-in Baş katibi Haysam əl-Qays bu gün Vyanada təşkilatın katibliyinə səfər edəcək Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevi salamlayır. Noyabrda Bakıda baş tutacaq COP29 tədbiri öncəsi tərəflər yüksək səviyyəli dialoq aparacaqlar”, - kartelin məlumatında bildirilib.

Təşkilat qeyd edib ki, dialoq Muxtar Babayev və Haysam əl-Qaysın sədrliyi ilə keçiriləcək. Kartel ölkələrinin və OPEC+ Əməkdaşlıq Xartiyasında iştirak edən qeyri-OPEC ölkələrinin yüksək vəzifəli şəxslərini bir araya gətirəcək: “Bu görüş bütün nümayəndələrə konstruktiv və inklüziv dialoq zamanı COP29 prezidenti ilə fəal qarşılıqlı əlaqə üçün unikal imkan yaradacaq”.

Xatırladaq ki, COP29 tədbiri bu ilin noyabrında Azərbaycanda keçiriləcək.