"Sabah"ın U-14 komandası beynəlxalq turnirin qalibi oldu

19 May 2024 20:26 (UTC+04:00)

"Sabah"ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilən "Junior World Cup" beynəlxalq turnirində iştirak edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, U-14 turnirin qrup mərhələsində Suriyanın "El Nuhbe" (2:2) və Türkiyənin "Kepezaltı" (2:2) komandası ilə heç-heçə edib, yerli "Ortacı Esnaf" komandasına qalib gələrək (4:2) 1/4 finala vəsiqə qazanıb.

U-14 bu mərhələdə Türkiyənin "Antalya" komandasına böyük hesabla qalib gələrək (3:0) yarımfinala adlayıb. Bu mərhələdə "Kepezaltı"nı 2:1 hesabıyla üstələyən Şahin Zeynalovun baş məşqçisi olduğu komanda finala vəsiqə qazanıb.

Həlledici matçda "Antalyaspor"la qarşılaşan "Sabah" əsas vaxtı qolsuz bərabərliklə başa çatan oyunun penaltilər seriyasında qalib gələrək çempion olub.