"Sosial iş ixtisası daha çox bu sahələr üzrə kadr hazırlığına imkan yaradır" - AYDINLIQ GƏTİRİLDİ

17 May 2024 15:36 (UTC+04:00)

"Sosial iş müəllimlərinin sahə təcrübəsinin olması konkret olaraq hansı ixtisas üzrə tələb olunmasından asılıdır". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.

O bildirib ki, fənnin tədrisi zamanı, yaxud da ümumi ixtisasda tədris olunan fənlərin hər birinə müvafiq olaraq sahə təcrübəsinin tələb olunması düzgün deyil: "Sadəcə ola bilər ki, sosiologiya ixtisasının, ümumi əlillərlə, yaxud da məcburi köçkünlərlə iş və s. konkret bu sahələrdə müəyyən əmək təcrübəsi olan şəxslərin prosesdə tədris aparması məqsədəuyğun olar. Amma digər sahələr üzrə düşünürəm ki, bir o qədər zərurət deyil.

Sosial iş cəmiyyətlə bağlı sahədir. Buraya müvafiq olaraq əhalinin sosial təbəqəsinə aid olan şəxslərlə işləmək üzrə kadr hazırlığı həyata keçirilməsi nəzərdə tutulur. Məcburi köçkün ailələri, Qarabağ müharibəsində iştirak etmiş əlilliyi olan şəxslər, eyni zamanda Çernobil, yaxud da digər fiziki qüsurlu şəxslər, əlilliyi sonradan qazanmış şəxslər bu sahələrdə işləyən kadrların hazırlığıdır. Sosial iş ixtisası daha çox bu sahələr üzrə kadr hazırlığının həyata keçirilməsinə imkan yaradır. Bu gün, təəssüflər olsun ki, bu istiqamət üzrə istər abituriyentlər, istərsə də cəmiyyət arasında bir o qədər də prestijli ixtisas hesab olunmur. Səbəb ondan ibarətdir ki, gələcəkdə iş tapıb işləmək çətindir. Amma son dövrlər Sosial Müdafiə Nazirliyi, Nazirliyə tabe olan agentliklər, Asan Xidmət mərkəzləri, eyni zamanda Sosial Xidmətlər Agentliyi, Məşğulluq Agentliyi və müəyyən agentliklərdə bu sahə üzrə ixtisas sahibləri işə cəlb oluna bilirlər. Müvafiq imtahan prosedurundan sonra rahat iş imkanları əldə edə bilirlər".