ABŞ-da 20 yaşlarında olan iki qardaş 12 saniyədə 25 milyon dollar oğurlamaqda ittiham olunublar. SİA xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı Anton Peraire-Bueno və 28 yaşlı Ceyms Peraire-Bueno elektron fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham edilərək həbs ediliblər.
ABŞ Ədliyyə Departamentindən prokuror müavini Lisa Monako, 2023-cü ilin aprelində baş verən quldurluğu şərh edib: "Peraire-Bueno qardaşları çox qabaqcıl, mürəkkəb texnologiyadan istifadə edərək və aylardır üzərində işlədikləri planı saniyələr ərzində həyata keçirərək 25 milyon dollar dəyərində "Ethereum" oğurladılar".
Qardaşların ABŞ-ın ən prestijli universitetlərindən biri olan Massaçusets Texnologiya İnstitutunda (MIT) təhsil aldıqları və "Ethereum"un pul köçürmə əməliyyatları zamanı əldə etdikləri “xüsusi bacarıqlardan” istifadə edərək doğrulama prosesindən istifadə etdikləri bildirilir.
Həmçinin bildirilib ki, "Ethereum" nümayəndələri onlara çatdıqdan sonra qardaşlar oğurladıqları pulları qaytarmaqdan imtina edərək, çirkli pulların yuyulmasına əl atıblar.
Prokurorlar bu cür “fərqli” dələduzluq növünün ilk dəfə baş verdiyini qeyd ediblər.
Qardaşlar məhkəmə tərəfindən təqsirli bilinərsə, onların hər birini 20 ildən çox həbs cəzası gözləyir.