“Rusiya sülhməramlılarının Azərbaycandan çıxması ilə bağlı Qərbdən maliyyələşən medianın xüsusilə Sevinc Osmanqızının, eləcə də aqressiv müxalifət nümayəndələrinin söylədiyi fikirlər şantaj, böhtan xarakteri daşıyır. Bu fikirlər uzun müddətdir səslənir. Çünki bu insanlar bütün həqiqətlərə, yaxşı nəticələrə kölgə salmaq üçün daim öz səylərini birləşdirir, maliyyələşdirən ağalarının sözünü deməklə özlərinə reytinq yaratmağa və gündəmdəmdə qalmağa cəhd göstərirlər”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
O xatırladıb ki, Rusiya sülhməramlıları tarixi qələbəmizdən sonra imzalanmış bəyanat əsasında Qarabağa yerləşdirilmişdi və onların getmə müddətləri aydın göstərilirdi: “Amma reallıqlar, Azərbaycanın tarixi qələbəsi, antiterror tədbirləri və ermənilərin Qarabağdan könüllü şəkildə çıxıb getmələri sülhməramlıların burada qalmasını əsassız edirdi. Çünki artıq onlar öz funksiyalarını yerinə yetirmiş hesab olunurdular. Ancaq təəssüf ki, müxalifət, eləcə də Qərb ölkələrində yerləşən bəzi satqınlar, Azərbaycanın əleyhinə işləyən qüvvələr ermənilərə dəstək verənlər sülhməramlıların burada əbədi qalacağına inam yaratmaq istəyirdilər. Bildirirdilər ki, sülhməramlılar burada uzun müddət yerləşəcək və Rusiyanın Qarabağda hərbi bazası yaradılacaq. Lakin dövlət başçısı İlham Əliyev öz çıxışlarında, bəyanatlarında qeyd edirdi ki, 5 il tamam olduqdan sonra imzalanmış sənədlərin ruhuna uyğun olaraq lazım bilindikdə sülhməramlılar ərazimizdən çıxmağa məcbur edilə bilərlər. Biz qələbə çaldıqdan, hətta antiterror tədbirlərindən sonra da aqressiv müxalifət və xaricdən idarə olunan Sevinc Osmanqızı kimi bədxahlar bildirdilər ki, rus sülhməramlıları Azərbaycan ərazilərini tərk etməyəcəklər. Bu fikirlərin heç bir əsası yox idi. Sözsüz ki, bu, Azərbaycanı gözdən salmaq məqsədi daşıyırdı. Çünki Qərbə belə bir mesaj verilirdi ki, artıq Azərbaycan da Rusiya Federasiyasının o tələblərinə bilavasitə boyun əyir və rus əsgərlərinin istər sərhəddə, istərsə də Qarabağda yerləşməsinə imkan yaradır”.
Deputat bildirib ki, onların bu fikirləri tamamilə iflasa uğradı: “Buna baxmayaraq yenə də bu təxribatçı fikirlərin sahibləri Azərbaycanla bağlı böhtan xarakterli məlumatların yayılmasına çalışırlar. Bunun səbəbi aydındır. Çünki istər Qərbdə, istər Avropada, istərsə də Azərbaycanda olan aqressiv müxalifət bir mərkəzdən idarə olunurlar. Onlar aldıqları vəsait hesabına Azərbaycana qarşı hər cür qarayaxmanı öz üzərlərinə götürüblər. Xarici ölkələr qarşısında daşıdıqları öhdəlikləri öz çirkin məqsədləri ilə yerinə yetirirlər. Amma reallıqlar göz qabağındadır. Azərbaycan Prezidentinin yürütdüyü siyasət, beynəlxalq aləmlə münasibətlərin yaxşılaşdırılması, beynəlxalq hüquq normalarına düzgün əməl edilməsi və bunun bütün dünyaya yayılması dövlətimizə imkan verir ki, haqlı mübarizəsini davam etdirsin və istənilən səviyyədə öz sözünü desin. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, mən nəyin, nə vaxt, necə edildiyini yaxşı bilir, qarşıya qoyulan vəzifəni yerinə yetirirəm. Şübhəsiz ki, uzaqgörənliyi olmayan, reallıqları qiymətləndirməyən və satqınlıq yolunu tutan adamlar ölkəmizə zidd olan fikirləri yaymaq məcburiyyətindədirlər. Bu, onlara verilən tapşırıqdır”.
“Zaman isə bu gün Azərbaycanın xeyrinə işləyir. Azərbaycanda keçirilən yüksək səviyyəli beynəlxalq tədbirlər, xarici ölkə rəhbərlərinin dövlətimizə səfərləri, işğaldan azad olunmuş ərazilərdə aparılan möhtəşəm bərpa-quruculuq işləri və dünyanın Azərbaycana, onun rəhbərinə verdiyi qiymət göstərir ki, heç bir böhtan bizi öz haqlı mübarizəmizdən döndərə bilməz. Bu gün Rusiya-Azərbaycan münasibətləri sağlam məcrada davam edir. Hesab edirəm ki, bu münasibətləri daha da möhkəmləndirmək çox vacibdir. Çünki Rusiya Federasiyası Azərbaycanın haqlı mübarizəsini dəstəkləyir, ərazi bütövlüyünü tanıyır və bu mövqedən öz sözünü deyir”,- deyə o əlavə edib.
Ləman Sərraf