"Yeganə ibadətdir ki, heç bir halda tətil edilmir" - MÜNASİBƏT BİLDİRİLDİ

16 May 2024 09:17 (UTC+04:00)

"Namaz qılmaq üçün şərait ixtiyari halda tələb olunur". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, əgər zərurət halında, qeyri-ixtiyarı halda şərait pis olsa, yenə namaz insana vacib olur: "Namaz demək olar ki, yeganə ibadətdir ki, heç bir halda tətil edilmir. Yəni insan hansı vəziyyətdədirsə, o vəziyyətdə də namazını qılmalıdır. Əgər ayaq üstə qala bilmirsə, oturan yerdə, otura bilmirsə, uzandığı halda namazını qıla bilər. Bunun qaydaları dini kitablarda qeyd olunub.

Möhür oldu, olmadı, onu əvəz edən şeylər var. Daş, qum, yerdə bitən yeyilməyən, geyim xarakterli olmayan, mədən əşyası olmayan hər şeyə səcdə etmək olar. Yaxud da, süfrə dəsmalları, salfetkalara da səcdə etməyin eybi yoxdur.

Şərait natəmiz olsa belə, əsas insanın səcdə etdiyi yer normal olsa, kifayət edir. Bəzi dini məzhəblər də vardır ki, onlarda möhür şərt deyil. Onlarda da namaz qılmalıdırlar. Yəni istənilən halda insan namazını qılmalıdır. Bu, şəraitə bağlı deyil. Bəzən biz namaz qılmamaq üçün şəraiti bəhanə edirik. Bunlar doğru fikirlər deyil. İslama görə namaz dinin sütunudur. Bir binanın sütunu olmasa, və ya normal olmasa, o bina çətin ki, uzunmüddətli qala. İnsanın da dininin, dəyanətinin sütunu olan namaz olmasa, o din sona qədər çətin ki qalar".