Qırğızıstanda Ümummilli Liderin101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

10 May 2024 19:15 (UTC+04:00)

Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşkilatçılığı ilə Bişkekdə yerləşən Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Qırğızıstandakı səfirliyindən verilən məlumata görə, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Məktəbin direktoru Kanikey Alimkulova tədbiri açaraq Ümummilli Lider Heydər Əliyevin adının 20 nömrəli məktəb-gimnaziyaya verilməsindən fəxr hissi duyduqlarını söyləyib.

O qeyd edib ki, ölkələrimiz arasında münasibətlərin genişlənməsi fonunda H.Əliyev adına təhsil ocağının üzərinə böyük məsuliyyət düşür. Şagirdlərin təlim və tərbiyəsində, vətənpərvər insan kimi formalaşmalarında Heydər Əliyev şəxsiyyətinin mühüm rolu və təsiri var.

Sonra Heydər Əliyevə həsr olunmuş “Azərbaycan böyük addımlarla irəliləyir” adlı sənədli film nümayiş etdirilib. Film böyük rəğbətlə qarşılanıb və şagirdlərdə H.Əliyevin keçdiyi şərəfli həyat yolu haqqında canlı təsəvvür yaradıb.

Daha sonra çıxış edən səfir Lətif Qəndilov Ulu Öndərin iki qardaş ölkə arasında münasibətlərin qurulmasında çox mühüm rol oynadığını bildirib. Azərbaycanın dövlət rəsmiləri arasında ilk dəfə olaraq Qırğızıstana məhz Heydər Əliyevin səfər etdiyini, “Manas”ın 1000 illiyinə həsr olunmuş tədbirdə çıxış edərək “Manas”ın dilinin ortaq dilimiz olduğunu söylədiyini xatırladıb.

Diplomat bildirib ki, Prezident İlham Əliyev Ümummilli Liderin yolunu davam etdirərək ölkələrimiz arasındakı münasibətləri daha da inkişaf etdirməkdədir. Son illər ərzində ölkə başçılarının qarşılıqlı səfərləri, xüsusilə Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprel ayındakı son səfəri və səfər çərçivəsində Bakıda Çingiz Aytmatovun heykəlinin açılışı, ölkəmiz tərəfindən maliyyələşdirilən Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsinin 4 dəfə artırılaraq 100 milyon dollara çatdırılması, İssık-Kul gölü ətrafında Azərbaycan tərəfindən böyük 5 ulduzlu otel kompleksinin tikilməsi əməkdaşlığımızın yüksələn xətlə inkişaf etməsinin bariz nümunəsidir. Prezident İlham Əliyevin göstərişi ilə 20 nömrəli məktəb-gimnaziyada Qırğızıstanda ilk dəfə olaraq yüksək texnologiyalı avadanlıqlarla təchiz olunmuş 6 otaqda STEAM mərkəzi yaradılıb.

Səfir Ulu Öndər Heydər Əliyev haqqında danışaraq qeyd edib: “O, bizə dövlət idarəçilik sirlərini öyrədib, insanlara qayğı ilə yanaşmağı nəsihət edib. Ulu Öndər çıxışlarında həmişə bildirirdi ki, dövlət işində hazırlıqlı yüksək mədəniyyət və mənəviyyata xas olan insanlar işləməlidir, çünki pisi yaxşıdan, xəyanəti səhvdən ayıra bilsin. Həmin şəxslər elə bir səviyyədə olmalıdırlar ki, şairlə, akademiklə və bu kimi insanlarla söhbət edə bilsinlər.

Daha sonra çıxış edən 20 saylı məktəb-gimnaziyanın 9-cü sinif şagirdi Kasımaliev Edil söyləyib ki, Prezident İlham Əliyevin dəvəti əsasında məktəbli yoldaşları ilə birgə Bakıda səfərdə olub. O, səfər zamanı Bakının gözəlliyinə heyran qaldığını, Azərbaycan xalqının sadə və zəhmətkeş insanlarına böyük hörmət və sevgisinin yarandığını söyləyib, Heydər Əliyev Mərkəzini ziyarət etdikdən sonra yaranan xoş təəssüratlarını bölüşüb.

Tədbir gimnaziyada təhsil alan şagirdlər tərəfindən mədəni şou-proqramla davam edib, Azərbaycan və qırğız dilində mahnılar ifa edilib və rəqs nömrələri nümayiş olunub.

Tədbirin sonunda səfirlik tərəfindən şagirdlər üçün ziyafət təşkil edilib.