Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirilib

8 May 2024 19:10 (UTC+04:00)

Müasir Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Abşeron rayonunda tədbir keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin adını daşıyan Parkda yerləşən abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, müstəqil, suveren, qüdrətli və güclü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Xalqımızın nicatı, ölkəmizin surətli inkişafı, bu günki qələbələrimiz və nailiyyətlərimizin məhz Ulu Öndərin adı ilə bağlı olduğunu vurğulayan RİH başçısı qeyd edib ki, bütün bu nailiyyətlərimizin dərin özüllərini, əsasını məhz Heydər Əliyev qoyub, Azərbaycanımızın gələcək inkişafını təmin edib.

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın hər il daha böyük əhəmiyyətə malik uğurlar qazandığını vurğulayan RİH başçısı bildirib ki, hər bir xalqın tarixi üçün ən önəmli məsələlərdən biri də onun ərazi bütövlüyüdür. Bu baxımdan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi ilə Vətən Müharibəsində qazanılan şanlı qələbəmiz Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

RİH başçısı bildirib ki, bu il Azərbaycanı bir dövlət kimi məhv olmaqdan hifz edən, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramı ifadə etmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən yaranan Heydər Əliyev Fondunun fəaliyyətinin 20 illiyidir. Qeyd edilib ki, bu illər ərzində Heydər Əliyev Fondu Azərbaycan xalqının Ulu Öndəri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin mənəvi irsinin öyrənilməsində, təbliğində və ideyalarının yaşadılmasında, bu ideyaların həyata keçirilməsində misilsiz fəaliyyət göstərməkdədir.

Tədbirin sonunda tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə bədii hissə təqdim olunub.