Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanaraq dünyanın müxtəlif ölkələrindən çox sayda nüfuzlu qonağın iştirak etdiyi bu tədbirin beynəlxalq əməkdaşlıq işinə töhfə verdiyi qeyd olundu.
Azərbaycanla İraq arasında əlaqələrin zəngin tarixinin olduğunu deyən dövlətimizin başçısı hazırda İraqda sabitliyin, əmin-amanlığın təmin edilməsini müsbət amil kimi qiymətləndirdi. Azərbaycan Prezidenti İraqın zəngin tarixə və mədəniyyətə malik olduğunu vurğulayaraq ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığa toxundu, torpaqlarımız erməni işğalı altında olan dövrdə İraqın hər zaman ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstək göstərdiyini qeyd etdi. İraq Prezidentinin həm rəsmi, həm də Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak etmək məqsədilə ölkəmizə səfərlərini xatırladan dövlətimizin başçısı bu yaxınlarda Azərbaycanın iki nazirinin rəhbərliyi ilə nümayəndə heyətlərinin İraqa səfər etdiklərini, İraqın baş naziri tərəfindən qəbul olunduqlarını, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi istiqamətində ətraflı müzakirələrin aparıldığını vurğuladı, hökumətlərarası komissiyanın fəaliyyətinə toxundu.
Prezident İlham Əliyev müdafiə sənayesi, energetika, investisiyalar və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu dedi.
Dövlətimizin başçısı Möhsin Əli Əkbər Əl-Mandalavinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını qeyd etdi.
Qəbula və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirən İraq Parlamentinin sədri VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdən məmnunluqlarını bildirdi.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişlə bağlı təbriklərini çatdıran İraq Parlamentinin sədri bu proses çərçivəsində dövlətimizin başçısının göstərdiyi səyləri dəstəklədiklərini və tezliklə sülh müqaviləsinin imzalanmasını arzu etdiklərini dedi.
O, Azərbaycanın Qoşulmama Hərəkatındakı uğurlu sədrliyini qeyd edərək, bu Hərəkatın təsisatlanması istiqamətində ölkəmizin verdiyi töhfələri və irəli sürdüyü təşəbbüsləri xüsusi vurğuladı. Möhsin Əli Əkbər Əl-Mandalavi iki ölkənin parlamentləri arasındakı əlaqələrə toxunaraq dedi ki, İraq Parlamenti Azərbaycanla əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsini dəstəkləyir.
İraqda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını bildirən Parlamentin sədri Azərbaycan şirkətlərini bu prosesə töhfə verməyə dəvət etdi. Möhsin Əli Əkbər Əl-Mandalavi Prezident İlham Əliyevi tezliklə İraqda görməkdən məmnun olacaqlarını dedi.
Dövlətimizin başçısı İraqa məmnuniyyətlə səfər edəcəyini bildirdi.
İraq Parlamentinin sədri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə də təbriklərini çatdırdı, Bakı şəhərinin memarlığının onları heyran etdiyini dedi.
Xoş sözlərə və təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Bakı şəhərinin memarlıq nümunələrindən olan və dünya miqyasında şöhrət qazanmış Heydər Əliyev Mərkəzinin memarı məhz İraq xalqının yetirməsi Zaha Hadiddir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.