Azərbaycan mədəniyyətlərin qovuşduğu məkandır - ŞƏRH EDİLDİ

1 May 2024 15:38 (UTC+04:00)

“Bakıda Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonağın iştirakı ölkəmizin nüfuzunu, beynəlxalq səviyyədə önəmini bir daha təsdiq edir. Bu tədbirin daha bir məqsədi bəşəriyyəti yenidən kəşf etmək, birgəyaşayışın yollarını tapmaqdır. Hazırda dünyada parçalanma baş verir. Bu, özünü həm qlobal, həm də cəmiyyətlər səviyyədə göstərir. Beynəlxalq səviyyəli böhran cəmiyyətlərimizə də təsir etdiyi üçün bunu daim diqqət mərkəzində saxlamalıyıq”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin də iştirak etdiyi “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslər iştirak ediblər: “Forumun açılış mərasimində Prezident İlham Əliyev geniş məzmunlu çıxış etdi. Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olduğunu bildirdi. Ölkəmizin coğrafi mövqeyi, Şərq ilə Qərb arasında yerləşməsi çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub. Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayır. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Biz bu müsbət tendensiyaları, mədəni dialoqu və mədəni müxtəlifliyi gücləndirməliyik. Çıxışında Prezidenti İlham Əliyev müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. Dövlətimizin başçısı Azərbaycanın çox fəal çalışdığını, Ermənistana sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdüyünü, hətta baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını vurğulayıb. Ötən ilin sentyabrında Azərbaycanın suverenliyini tam bərpa etdiyini söyləyən Prezident bundan sonra ölkəmizin siyasi hücumlara məruz qaldığını, buna baxmayaraq, yenə də sülhü təklif etdiyini deyib. Bildirib ki, indi isə biz müsbət tendensiyadayıq, sülhə doğru gedirik. Azərbaycan belə bir Forumu keçirməklə etnik, mədəni, dini amillərdən irəli gələn ziddiyyətləri aradan qaldırmağa, mədəniyyətlərarası dialoqu təşviq etməyə çalışır. Azərbaycan bütün dünyada ümumi dəyərlərin mühafizəsinə önəm verir. Heydər Əliyev Fondu bu istiqamətdə beynəlxalq təşkilatlarla birlikdə müxtəlif layihələr həyata keçirib. Berlin kilsəsinin, Romada "Filosoflar zalı"nın bərpası, Parisdə yerləşən Luvr muzeyində İslam mədəniyyəti seksiyasının qurulması, Versal sarayının bərpası və s. ilə bağlı çoxsaylı mədəni layihələrdə Heydər Əliyev Fondu öz dəstəyini göstərib. Bu, Azərbaycanın ümumbəşəri irsə verdiyi dəyərin göstəricisidir. Burada müzakirə olunan məsələlər həm də post-müharibə dövründən sonra Azərbaycanın daha çox humanitar istiqamətdə çalışmalarını önə çəkən bir fəaliyyətdir”.

SƏBİNƏ