Yayda ən böyük problemlərdən biri də paltarlarımız üçün hansı parçanı seçməkdir. Bəs, yayda bizi tərlətməyən və daha rahat hiss etməmizə şərait yaradan bu parçalar hansılardır?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
İpək parça, poplin parça, krep parça və kətan parça yayda ən keyfiyyətli və faydalı parça növlərindən biridir. Yayda ağır çəkili parçalardan qaçınmaq lazımdır.
Kətan parça
Böyük məsamələri olduğu üçün bədənin rahat nəfəs almasını təmin edən kətan parça yay aylarında ən çox istifadə edilən parça növlərindən biridir. Təbii lif olan kətan tüksüz, hamar və davamlı quruluşa malikdir. Həmçinin, tez çirklənmir. Elastik quruluşa malik olmasa da, bədənin nəfəs almasını təmin etdiyi üçün təravət verir. Yay aylarında çox üstünlük verilən kətan parça hər cür geyimə çox qəşəng bir görünüş qatır.
İpək parça
Bu siyahıda olmasına baxmayaraq, ipək parça yay günlərində mövcud olan günəşli və çox isti havalara nisbətən yay gecələrində istifadəyə daha uyğundur. Günəş işığı ipək parçanın saralmasına və ləkələnməsinə səbəb ola bilsə də, gecə istifadə edərkən sizi qəşəng və təravətli saxlayacaq. İpək parça nəm saxlamadığı və yüngül bir parça olduğu üçün sərin yay gecələrini keçirməyə kömək edəcək.
Poplin parça
İncə saplarla sıx toxunmuş poplin parça çox yumşaqdır. Tərləməni nəzarət altında saxlaya bilən quruluşu sayəsində yay aylarında tez-tez seçilən bir parça növüdür. İncə, yumşaq, yüngül və tərə davamlı poplin parça ümumiyyətlə köynəklərdə istifadə olunur və çox qəşəng bir görünüş verir.
Tül parça
Seyrək və incə toxunmuş quruluşu sayəsində yüngül, yumşaq və pambıq olduğu üçün yay paltarlarında da tez-tez seçilir.
Pambıq parça
Yuxarıda qeyd etdiyimiz bütün parçaların strukturlarından da göründüyü kimi yayda ən çox seçilən və faydalı məhsullar ümumiyyətlə pambıqdır. Pambıq parçalar tərin buxarlanmasına və hava ilə qarışmasına imkan verir. Elastik parça növü olan bu parça da sizi sərin saxlayır. Geyiminizdə pambıq parçaları seçmək yayı çox rahat keçirməyinizə kömək edəcək.
Sile bezi
Tərləmə əleyhinə parçalar dedikdə ilk ağıla gələn variantlardan biri sile parçadır. Sile parça paltar, köynək, kofta və hətta şalvar variantları ilə rahat bir yay keçirə bilərsiniz. Hər mağazada tapmaq asan olmasa da, axtardığınız zaman bir çox satış nöqtələrində sile parça məhsullarına rast gəlmək mümkündür.
Krep parça
Krep dedikdə ağlınıza yalnız yemək gəlirsə, krep parça ilə tanışlığı gecikdirməməyi tövsiyə edirik. Yayın istisinə asanlıqla tab gətirmək üçün bütün paltarlarınızı krep parçadan seçə bilərsiniz. Üstəlik asanlıqla yuyulub təmizlənə bilən bir parça olduğundan sizə heç bir çətinlik yaratmır.
Mövzu ilə bağlı modelyer Şəlalə Maqsudovanın fikirlərini öyrəndik: “Yayda ən önəmli nüans, parçaların keyfiyyətidir. Yəni, yayda hansı parçalar daha çox insan bədəni üçün uyğundursa, bu vacibdir.
Burada ilk növbədə kətanı vurğulamaq istəyirəm. Kətan parçalar yayda daha çox istifadə olunacaq. Nazik kətan və nazik ipəklər yay üçün idealdır. Təbii ki originallar daha çox önəmlidir. Çünki yayda isti olduğuna görə bədəndə sintetik qarışıq olan parçalar insan orqanizminə çox ziyan vurur. Kətanlardan təmiz ipəklər daha çox kalitəli və keyfiyyətlidir. Buna görə məhz yay geyimlərinin əsasən kətanlardan və ipəklərdən hazırlanmasına daha çox üstünlük verilir.
Yay mövsümündə dizaynerlər boş geyimlərə üstünlük verirlər. Bədənə boş olan geyimlər, ipli, gen-bol, üstdən birbaşa biçilmiş paltar, donlar, sarafanlar daha çox gündəmdə olacaq.
2024-ün yaz-yay kolleksiyasında əsas favoriti olan 3 rəngdir. Qırmızı, yaşıl və göy. Yaşılı vurğulamaq istəyərdim ki, tünd yaşıllar daha çox favorit olacaq.
Təbii ki yay deyərkən bizim ilk növbədə ağlımıza gələn rəng təbii ki ağ rəngdir. Klassikanın şahı olan ağ rəng bütün illərdə, bütün fəsillərdə gündəmini saxlayır”.
Yayda hansı rənglərə üstünlük verək?
Yay günlərində, adətən ağ və ya açıq rəngli paltarlar geyinirik. Ağ rəng günəş işığında bütün şüaları əks etdirir, yəni bütün rənglərin birləşməsidir. Qara rəng isə bütün şüaları udur. Qara rəngdə heç bir şüa əks olunmur.
Qara parçalar bütün işığı saxladığı üçün dərimizi ağ parçalardan 5 dərəcə daha isti saxlayır.
Bəs, niyə Sinay səhrasındakı bədəvilər qara paltar geyinməyə üstünlük verirlər?
Çünki qara paltar parça ilə dəri arasındakı havanı qızdırmaqla yanaşı, həm də havalandırma mexanizminin işləməsini təmin edir. Bu qızdırılan havanı əvəz edən hava, bədəvilərə sərinlik hissi verir, qara paltarlar bütün günəş şüalarını dərimizə ötürür, həm də onlarla birlikdə infraqırmızı şüalar. Buna görə çox günəşli bir gündə açıq rənglər geyinmək mütləq faydalıdır.
Ayşən Vəli