Prezident İlham Əliyev “İpoteka haqqında” qanuna və Mülki Məcəlləyə edilən dəyişiklikləri təsdiq edib. SİA xəbər verir ki, qanunda ipotekaya xitam verilən hallar genişlənib. Belə ki, Azərbaycanda ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək.
Qeyd edək ki, hazırda ipotekaya aşağıdakı hallarda xitam verilir:
- ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə;
- əsas öhdəliyə xitam verildikdə;
- tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;
- ipoteka predmeti məhv olduqda;
- bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
Bu Qanunda nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.
Həmçinin Mülki Məcəlləyə edilən dəyişikliyə əsasən, Azərbaycanda zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zamin subsidiar məsuliyyəti nəzərdə tutulduğu halda, zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə dayandırılacaq.
Məcəlləyə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
Zaminlik müqaviləsi yazılı formada bağlanacaq. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.