Gürcülər xarici agentlər haqqında qanuna etiraz edirlər...

29 Aprel 2024 00:33 (UTC+04:00)

...Tbilisidə xarici agentlər haqqında qanuna qarşı növbəti mitinq keçirilir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Rustavi 2” telekanalı xəbər verir.

Yürüş Birinci Respublika meydanından başlayıb. Etirazçılar parlament binasını dolanaraq insan zənciri yaratmağı planlaşdırırlar.

Mitinqlə əlaqədar parlament binasının yerləşdiyi Rustaveli prospekti bağlanıb, əraziyə polis səfərbər edilib.

“Mtavari” telekanalının bildirdiyinə görə, polis parlament binasını çöldən və içəridən gücləndirilmiş rejimdə qoruyur.

Qeyd edək ki, aprelin 17-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb.

Bir müddət bundan əvvəl etirazçılar paytaxtda parlament binasından prezident sarayına qədər yürüş edərək Azadlıq meydanını bağlamışdılar.

Aksiyaya Qadın Yürüşü də qoşulub. Müxalifətli gürcü deputatlar qanun layihəsini Rusiyada qüvvədə olan qanunvericiliklə müqayisə edərək, “Rusiya” adlandırırlar. ...Qeyd edək ki, prezident Salome Zurabişvili qanun qəbul ediləcəyi təqdirdə veto qoyacağını vəd edib.

Ağasəf Babayev