Ağdamda minadan xəsarət alanların vəziyyəti açıqlanıb

12 Aprel 2024 20:29 (UTC+04:00)

Ağdam rayonunun Əliağalı kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan Bağırov Mirfəttah Bağır oğlu Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov deyib: "Xəstəxanaya yerləşdirilən 1965-ci il təvəllüdlü xəstəyə sol baldırın aşağı üçdəbirinin pəncə nahiyəsi də daxil olmaqla travmatik amputasiyası, sol budun arxa üçdəbirinin çoxsahəli qəlpə yaralanması travmatik şok diaqnozu qoyulub. Yaralı yüksək şəkərli diabet xəstəsidir. Vaxtilə "Koroner angioplastika" əməliyyatı keçirib. Ona görə də xəstənin vəziyyəti ağır olaraq dəyərləndirilir. Hazırda lazımı ilkin tibbi müdaxilələr icra olunub, müayinələrdən keçirilib. Xəstənin vəziyyəti stabilləşəndən sonra cərrahi əməliyyat planlaşdırılır”.

Mina partlayışı nəticəsində xəsarət alan Teymurov Xəqani Allahverdi oğlu isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxananın İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elçin Baxşalızadə bildirib ki, xəstəyə sol baldırın aşağı üçdəbir hissəsinin mina partlayışı nəticəsində amputasiyası diaqnozu qoyulub və əməliyyata götürülüb.