HƏYASIZLIĞIN VƏ İKİÜZLÜLÜYÜN SON HƏDDİ - TƏHLİL

9 Aprel 2024 15:30 (UTC+04:00)

İşğalçı ölkə olan Ermənistanın bir çox hallarda müdafiə edilməsinin, eləcə də erməni təəssübkeşliyinin şahidi olduqca, ədalətsiz yanaşma müşahidə etdikcə, ikiüzlülüyün olduğu üzə çıxır və buna əminlik daha da artır. Reallıqları görməməzliyə vurmaq, haqqın, ədalətin tərəfində olmamaq, terrorçunu dəstəkləmək bəzən dünyada ənənə halını almış kimi görünür. Amma istənilən halda reallığı təkzib etmək, haqqı danmaq, haqsızlıq və ədalətsizlik edərək, terrorçunu öz adı ilə çağırmamaq elə ikiüzlülükdür.

Terrorizmə dəstək verən birinin Nobel Sülh Mükafatına namizəd göstərilməsi qətiyyən qəbuledilən deyil

Njde kimi bir faşistə, terrorçuya, vandaka heykəl qoyulmasına nəinki narazılıq bildirməyən, heç reaksiya belə verməyənlərin indi Ruben Vardanyan kimi terrorizmə dəstək verən birinin guya “xeyriyyəçilik və humanitar fəaliyyətinə” görə 2024-cü il Nobel Sülh Mükafatına namizəd göstərilməsinə hansısa münasibət belə göstərməməsi gözlənilən idi, amma qətiyyən qəbuledilən və haqq qazandırılan deyil. Ən azından sülhə mane olan, təhdid yaradan, terroru dəstəkləyən, maliyyələşdirən birinə belə bir mükafat barədə düşünmək belə simasızlıq və ikiüzlülükdür ki, biz artıq bunu da müşahidə etməli oluruq.

Ruben Vardanyanın namizədliyinin bir sıra nüfuzlu şəxslər, o cümlədən Nobel Sülh Mükafatı laureatı tərəfindən təklif olunması həqiqətən də heç qəbuledilən deyil. Əksinə, ikrah doğuran məqamdır. Diqqətə çatdıraq ki, terrorizmi maliyyələşdirən, dəstəkləyən biri haqda belə bir xəbəri Ermənistan mediası yayıb və qeyd olunur ki, bu, uzun müddətdir “humanist və xeyriyyəçi” kimi təqdim olunan Ruben Vardanyanın kabinetində təsdiqlənib. Ən acınacaqlı odur ki, onun fəaliyyəti müsbət hal kimi qeyd olunur. Bir növ belə çıxır ki, Azərbaycan ərazisində separatizm dəstəklənməkdədir və Vardanyanın ölkəmizin Qarabağ bölgəsində etdikləri bəd əməllər yaxşı işlər kimi təqdim olunur. Bax bu, onlar üçün artıq böyük bir rüsvayçılıq olmalıdır.

Azərbaycana qarşı törədilmiş cinayət hadisələrinin iştirakçısının Nobel Sülh Mükafatına namizədliyi belə Nobel ailəsinin ünvanına tərs sillədir

Doğrudur, kiminsə hər hansı bir mükafata namizədliyini irəli sürmək, hələ onu, yəni həmin mükadatı alması demək deyil. Amma Nobel Sülh Mükafatı uğrunda məhz Azərbaycana qarşı törədilmiş külli miqdarda cinayət hadisələrinin iştirakçısının üzünü ağartmaq cəhdinin özü Nobel ailəsinin ünvanına tərs bir sillədir. Ruben Vardanyan Bakı İstintaq Təcridxanasında olan və bir sıra ağır ittihamlarla təqsirləndirilən biridir. Daha dəqiq desək, o, Cinayət Məcəlləsinin 214.1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunla nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət əməlləri törədib. Buna görə də Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinib. Çünki Ruben Vardanyan terror və təxribat xarakterli əməllər törətmək məqsədi ilə Azərbaycanın dövlət sərhədini qanunsuz keçərək, Rusiya Sülhməramlı Qüvvələrinin məhz Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdiyi əraziyə daxil olub, silahlı birləşmələrin formalaşmasında və təşkilində iştirak edib, bu dəstələri silah-sursatla təmin edib. Həmin silah-sursatın çoxu hələ də Qarabağda aşkar edilməkdədir. Yəni, Vardanyanın cinayətlərinə dair sübut bazası geniş şəkildə toplanıb və əldə kifayət qədər faktlar var. Əslində, onun özü belə heç vaxt təxribat missiyasının olduğunu inkar etməyib. “Biz özümüzü Azərbaycanın bir parçası olduğumuzu təsəvvür edə bilmərik. Biz ayrı bir ölkəyik. Mən “Artsax”dan danışıram. “Artsax Azərbaycanın bir hissəsi olmaq istəmir”, deyə BBC-nin “Hard Talk with Stephen Sackur” proqramında o bunu öz dili ilə açıq şəkildə təsdiq də edib. Bundan əlavə, o, “Forbes” jurnalına müsahibəsində mifik və qondarma “Artsax xalqı” barədə uydurmalar danışıb. “Bunu hərbi yolla həll etmək cəhdi birbaşa itkilər baxımından Azərbaycana çox baha başa gələcək”, deyən Ruben Vardanyan açıq şəkildə hətta Azərbaycanı hədələyib də. İndi belə biri haqqında danışarkən sülh sözünü işlətməyin özü belə ikiüzlülükdür.

Dünyanın istənilən ölkəsində bu cür təhdid və hədələrin müəllifi uzun illər həbsxanaya göndərilir

Onu da xatırladaq ki, Vardanyan Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən belə tanınan Azərbaycanın ərazi bütövlüyü barədə danışarkən bunu açıq-aşkar inkar edib, həm də ölkəmizin qanuni hüquqlarının müdafiəsi prosesində hansı “fədakarlıqları” gözü qarşısına alaraq da yenə hədə kəsib. Dünyanın istənilən ölkəsində təkcə bu fakt kifayət edərdi ki, bu cür hədələrin müəllifi uzun illər həbsxanaya göndərilsin. “Humanist və xeyriyyəçi” Osmanlı İmperiyasının keçmiş Daxili İşlər Naziri Təlat Paşanın, Osmanlı İmperiyasının keçmiş Dəniz Donanması Naziri Cemal Paşanın və başqalarının öldürülməsi ilə nəticələnən “Nemesis” əməliyyatını təşkil edən erməni terrorçularını açıq-aşkar tərənnüm və təbliğ edən birindən söhbət gedir. Eyni zamanda, “hər şey ola bilər”, deyərək, ölkəmizə qarşı terror təhdidi edən biri müzakirə mövzusudur. Hazırda Vardanyanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürən hər kəs terror aktlarının tərəfdarını, Nemesis əməliyyatını həyata keçirənlərin davamçısını dəstəkləməklə nə qədər rüsvayçı, nə dərəcədə biabırçı göründüyünü heç düşünürmü?! Bu ikiüzlülüyə nə şəkildə haqq qazandırmaq olar?

Vardanyanın keçmişi ilə bağlı çox maraqlı faktlar barədə etiraflar

Diqqətə çatdıraq ki, 2014-cü ildə Donbassda təxribat əməliyyatlarına rəhbərlik edən keçmiş Baş Kəşfiyyat İdarəsinin polkovniki İqor Strelkov vaxtilə Vardanyanın keçmişi ilə bağlı çox maraqlı faktlar barədə etiraflar etmişdi. Onun sözlərinə görə, Vardanyan qondarma Donetsk Xalq Respublikasının keçmiş rəhbəri, hazırda isə Rusiya Dövlət Dumasının deputatı, Donbass və Krımda separatizmi qızışdırmaqda məsul olan ukraynalı əməkdaşlardan biri olan Aleksandr Borodayın sponsorlarından biridir. Ona görə də təəccüblü deyil ki, Ukraynanın “Sülhməramlı” mərkəzi Vardanyanı öz siyahısına daxil edib və onun Ukraynanın milli təhlükəsizliyinə, sülhə, bəşəriyyətin təhlükəsizliyinə və beynəlxalq asayişə qarşı qəsdən hərəkətlər etdiyini, habelə digər qanun pozuntuları törətdiyini bəyan edib. Bir sözlə, Ruben Vardanyanın fəaliyyətini araşdırdıqca çox çirkli faktlar ortaya çıxır və sülh anlayışı ilə onun heç bir əlaqəsi olmadığı hər dəfə öz təsdiqini tapır.

Ruben Vardanyan cinayət törətdiyini başa düşdüyü üçün qaçmağa çalışıb

Ən maraqlı fakt isə ondan ibarətdir ki, Vardanyan məhz gizli şəkildə Xankəndini rus sülhməramlılarının maşınında çirkli pal-paltar altında gizlənərək tərk etməsi ilə yadda qalıb. Çirkli alt paltarları arasında gizlənməyi özünə rəva bilən personaj indi Nobel Sülh Mükafatına namizəddir və ermənilər də bunu pafosla vurğulayırlar. Bax ən gülünc məqam da budur. Yeri gəlmişkən, Xankəndindən həmin o rüsvayçı şəkildə qaçışdan sonra Ruben Ermənistanda qalsaydı, bəlkə də hələ də azad şəkildə yaşaya bilərdi. Lakin o, bu qaçışla belə ağlını başına toplaya, öz çirkin fəaliyyətini dayandıra bilməyib və daha sonra Xankəndinə qayıdıb, təxribatçı fəaliyyətini davam etdirməyə başlayıb. Nəticədə də tutularaq Bakıya gətirilib. Qeyd edək ki, o, Xankəndindən qaçmaq istəyərkən tutulub. Yəni, Vardanyan cinayət törətdiyini başa düşdüyü üçün bu dəfə də qaçmağa çalışıb və buna da ümid edib ki, yenə alınacaq. Lakin onun planları baş tutmayıb. İndi Bardanyan Bakıdadır və onunla bağlı qərar obyektiv və mübahisəsiz şəkildə veriləcək. Deməli, bütün bunlar onu deməyə əsas verir ki, separatizm və terrorizmin himayədarından “humanist və xeyriyyəçi” formalaşdırmaq cəhdləri absurddur. Bir sözlə, Ruben Vardanyanın timsalında kiminsə Nobel Sülh Mükafatına namizədliyi məsələsi həyasızlığın və ikiüzlülüyün son həddidir.