“Əqdin qarşı tərəfinə qarşı xəbərdarlıq olunmadan yazılan səs yazıları (danışıqlar) və yazışmalar (Whatsapp kimi sosial mobil tətbiqdəki yazışmalar daxil olmaqla) məhkəmədə sübut qismində istifadə oluna bilər”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullayev deyib.
Vəkil sözlərinə belə davam edib: “Bu məsələ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarında öz əksini tapmışdır.
Orada qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi qanuna zidd deyil.
Subyektlərin öz aralarındakı hüquqi mübahisə ilə bağlı bir-birlərinə bildirdikləri iradə ifadələrini əks etdirən danışıqlarını xəbərdarlıq etmədən yazılması həmin mübahisəsinin hüquqi həlli baxımından sübut kimi istifadə oluna bilər. Çünki tərəfələrin əqdlə bağlı bir-birlərinə olan iradə ifadələrinin xəbərdarlıq etmədən yazılaraq həmin mübahisənin hüquqi həlli baxımından sübut kimi istifadə olunması nə şəxsi sirrin pozulması, nə də ki, subyektin şərəf və ləyaqəti ilə bağlı şəxsiyyət dəyərələrinin pozulmasına səbəb olmur.
Subyektlərin öz aralarındakı hüquqi mübahisə ilə bağlı bir-birlərinə bildirdikləri iradə ifadələrini əks etdirən danışıqlarını xəbərdarlıq etmədən yazılaraq həmin mübahisənin həllində sübut kimi istifadə olunması Mülki Prosessual Məcəllənin tələblərinə zidd deyil”.
Ayşən Vəli