Naftalanda Aprel döyüşləri şəhidinin xatirəsi anılıb

7 Aprel 2024 17:46 (UTC+04:00)

Naftalan şəhərində şanlı Aprel döyüşləri şəhidi mayor Vaqif Bayramovun idi məzarı ziyarət olunub.

Vaqif Bayramovun dəfn olunduğu qəbiristanlıqda onun böyük qardaşı, 1992-ci ildə Qarabağ uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalmış Mehman Bayramovun da məzarı yerləşir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin, Goranboy-Naftalan təhsil sektorunun birgə təşkilatçılığı ilə “Aprel döyüşləri – Tarixi Zəfərə gedən şanlı yol” mövzunda keçirilən anım tədbirində Aprel şəhidinin ailə üzvləri, şəhid polkovnik Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova, AzTU-nun məzunu Müşfiq Orucovun anası Aygün Məmmədli, “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar Mərkəzinin sədri, jurnalist-publisist Aida Eyvazlı Göytürk, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məktəblilər Vaqif Bayramovun, onun böyük qardaşı Mehman Bayramovun, eləcə də digər şəhidlərin xatirəsinə həsr olunan musiqili kompozisiya təqdim edib, Vətənə, şəhidlərimizin qəhrəmanlıqlarına, düşmən üzərində qazandığımız böyük Qələbəyə dair şerlər və mahnılar səsləndiriblər.

Tədbirdə Vaqif Bayramovun anası Zeynəb Bayramovanın da şerləri təqdim olunub.

Z. Bayramova çıxışında Vətən yolunda şəhid verdiyi iki oğlu haqqında xatirələrini danışıb. Bildirib ki, Mehmandan 8 yaş kiçik olan Vaqif ilk hərbi təhsili Cəmşid Naxçıvanski adına hərbi liseydə alıb. O, bu peşəni qardaşının qisasını almaq üçün seçmişdi. “Ana üçün bala itkisindən ağır itki ola bilməz, lakin ona sevinirəm ki, Aprel döyüşlərinin sonu Xankəndi Zəfəri ilə nəticələndi. İndi biz “dəmir yumruq” ətrafında sıx birləşmişik”, - deyə o əlavə edib.

Sonra çıxış edən şəhid polkovnik Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova deyib: “Bizim şəhidlərimizin Tanrı dərgahında ruhları şaddır. Bu gün Qarabağ azaddır. Sənan kəşfiyyat idarə rəisi idi. İndi onun oğlu Tahir böyüyür. O, hərbi cərrah təhsili alır və Vətənə xidmət edəcək. Polkovnik itirmişik, İnşallah, bir də general böyüdərik”.

Müşfiq Orucovun anası Aygün Məmmədli çıxışında qeyd edib ki, Qarabağı görməyən, Qarabağı kitablardan öyrənən oğullar Qarabağı azad etdilər. Zəfərə aparan yol Aprel döyüşlərindən başlayır. Zəfəri ilk dəfə bal kimi bizə daddıran Vaqif, Müşfiq kimi oğullar oldu. Bütün şəhidlərimizin ruhu şad olsun, Zəfər çaldıq, düşməni yerinə oturtduq. Dünyanın gözü kor olsun ki, bizim Zəfərimizlə, sülhlə barışmaq istəmir, düşmənlərimizə kömək etməkdə israrlıdır. Ancaq bu Vətən, bu dövlət yaşadıqca, Vaqif kimi, Sənan kimi, Murad kimi, Samid kimi, Müşfiq kimi qeyrətli oğullar olduqca düşmən heç vaxt qalib gələ bilməyəcək”.

“İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri Aida Eyvazlı Göytürk Aprel şəhidlərinin həyatından bəhs edən ilk Qələbə kitabından danışaraq bildirib: “Aprel döyüşləri zamanı həlak olan şəhidlərin adı ilə çıxdığı yolda ləyaqətli şəhid anaları və xanımlari ilə də tanış olub. Aprel döyüşləri bizim düşmən üzərində çaldığımızın Zəfərin ilk müjdəsi idi. Qələbə inamını bizə Aprel şəhidləri verdilər. Dünya Azərbaycan Ordusunun, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin iradəsindən xəbərdar oldu. Mehman Bayramov və Vaqif Bayramova həsr olunmuş qısametrajlı filmdə Aprel döyüşləri zamanı Vaqifin dostlarına göndərdiyi maraqlı bir fikir də səsləndi. Vaqif deyir: “Ordumuz irəliləyir, belə getsə, torpaqlarımızı alacağıq, əgər dayandırmasalar, Xankəndinə qədər gedəcəyik...”. Bu gün Vaqif kimi oğulların arzularının Vətənin başı üzərində dalğalandığı gündür. Mehman və Vaqif qardaşları Xankəndi zəfərini görməsələr də, indi onların ruhu bu şadyanalığı görür, o Bayrağın ətrafına dolanırlar.