Ali təhsil, yoxsa peşə təhsili? - MÜNASİBƏT BİLDİRİLDİ

6 Aprel 2024 11:51 (UTC+04:00)

"Peşə təhsilinə marağın az olduğunu deməzdim". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

O bildirib ki, əksinə, son illərdə peşə təhsilinin inkişafı ilə bağlı ölkəmizdə xeyli işlər görülüb və görülməkdədir: "Peşə təhsili ilə bağlı peşə təhsilini inkişaf etdirmək, təhsilin bu növünə dövlət dəstəyini artırmaq məqsədilə Elm və Təhsil Nazirliyinin Peşə Təhsili Agentliyi formalaşıb. Peşə təhsilinin inkişafı ilə bağlı qanunvericilik formalaşdırılıb. Müxtəlif dövlət proqramları hazırlanmışdır. Çox yaxşı nümunədir ki, bu işləri rolu böyük olsa da, yalnız Elm və Təhsil Nazirliyi deyil, müvafiq dövlət qurumları ilə də birgə bu işlər həyata keçirilir.

Burada İqtisadiyyat Nazirliyinin böyük rolu var, çünki ölkə iqtisadiyyatının inkişafının icrası bu qurum tərəfindən həyata keçirilir. Digər tərəfdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələdə konkret işlər görür. Xüsusilə, Dövlət Məşğulluq Agentliyinin fəaliyyətini qeyd etmək istəyirəm. Ümumilikdə peşə təhsilinə marağın formalaşdırılması istiqamətində xeyli işlər görülüb və görülməkdədir. Burada çox vacib məqam kimi təhsilin bu növünün qanunvericilik bazasının formalaşması istiqamətində görülən işləri göstərmək istəyirəm. Bu da çox əhəmiyyətlidir. Çünki hər bir sahədə islahatların keçirilməsi üçün ilk növbədə onun qanunvericilik bazası yaxşı olmalıdır. Qarşıya qoyulan hədəflərə doğru işlər görülməsi ilə bağlı boşluqlar olmamalıdır. Düşünürəm ki, bu istiqamətdə həqiqətən çox yaxşı işlər var.

Eyni zamanda peşə təhsilinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı da xeyli işlər görülüb. Zamanında peşə təhsil müəssisələri bütün rayonlarda fəaliyyət göstərirdi. Söhbət Sovet dövründən gedir. Artıq Sovet hakimiyyəti dağılandan sonra bu peşə məktəbləri dağıldı. Onların maddi-texniki bazası sıradan çıxdı. Peşə məktəblərinin əraziləri başqa təyinat üzrə istismar olunmağa başladı. Son illərdə peşə təhsili müəssisələrinin yenidən formalaşması, müasir dövrün tələblərinə uyğun formalaşması istiqamətində böyük işlər görülür. Ən yüksək səviyyədə Azərbaycanın fərqli regionlarında peşə təhsili mərkəzləri fəaliyyət göstərir. O mərkəzlərdə məhz regionların əmək bazarının tələbinə müvafiq ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Bakıda Koreya hökuməti ilə çox gözəl layihə illərdir həyata keçməkdədir. Əmək bazarı üçün daha çox tələb olunan peşə ixtisasları üzrə tələbə, kadr hazırlığı keçirilir.

Digər tərəfdən peşə təhsilinə marağı artırmaq üçün dövlətin çox vacib işlərindən biri yüksək texniki ixtisaslarda təhsil alan tələbələrin gələcəkdə öz təhsillərini davam etdirmələri üçün yaradılmış şəraitdir. Hansı ki, dövlətin bununla bağlı müvafiq qərarı oldu və artıq yüksək peşə təhsili ixtisasından birbaşa subbakalavr diplomu verilir. Onlar ali təhsil müəssisələrinə subbakalavr olaraq müraciət etmək imkanı əldə ediblər. Son illərdə bu istiqamətdə verilən çox mühüm qərarlardan biri kimi səciyyələndirirəm.

Peşə təhsilinə marağı artırmaqla bağlı, ayrı-ayrı qeyri-hökumət təşkilatları layihələr həyata keçirirlər. Elm və Təhsil Nazirliyi ilə birgə layihələr reallaşdırılır. Peşə təhsilinin populyarlığını artırmaqla, gəncləri məhz gələcək peşələrin təbliğ olunması, gələcək peşə ixtisasları hansı olacaqsa, bunlarla bağlı maarifləndirmə işləri aparılır".

Onun sözlərinə görə, regionlarda müxtəlif peşə mərkəzləri fəaliyyətə başlayıb: "Bəzən cəmiyyətdə belə fikirlər formalaşır ki, əslində bütün rayonlarda peşə məktəbləri olmalıdır. Fikirləşirəm ki, gələcəkdə bu məsələlər həllini tapacaq. Amma müasir peşə məktəbini açmaq həm də maliyyə tutumlu məsələdir. Maliyyə tutumlu olmaqla bərabər həmin məktəblərdə tədrisi həyata keçirəcək kadrlara ehtiyac var. Peşə təhsili müəssisələrində çalışan kadr hazırlığını təmin etmək üçün vacibdir. Bunu da yüksək qiymətləndirirəm ki, Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi bu istiqamətdə peşə təhsili müəssisələrində tədrisi həyata keçirmək üçün kadr hazırlığına da önəm verir.

Artıq müasir peşələr bizi gözləyir. Klassik, ənənəvi peşələrlə bərabər gələcəyin peşələri nə olacaqsa, bu istiqamətdə işləri davamlı olaraq qururuq. Dördüncü sənaye inqilabı, Azərbaycanın iqtisadiyyatının güclənməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, orada təhsilin formalaşması, həm də peşə təhsili məktəblərinin yaradılması, həmin regionlarda əhalinin məşğulluğunu təmin etmək üçün kadrların hazırlanması hədəfləri var. "Böyük Qayıdış"a aid Prezident tərəfindən imzalanmış proqram icra olunur. Bütün bunlar mərhələlidir.

Proqramlar kortəbii yox, daha çox məqsədli, səmərəli olaraq peşə məktəblərinə istifadəni təmin etməliyik. Peşə məktəblərinə qəbul prosesi kifayət qədər şəffaflaşdırılıb. Proseslər elektronlaşdırılır. Hər hansı neqativ haldan söhbət gedə bilməz. Bu məqsədlə məhz peşə təhsilinin genişləndirilməsi üçün şəffaf mühit də vacibdir. Əminəm ki, gələcəkdə peşə təhsilinə gənclərin marağı daha çox olacaq. Bu marağı təmin etmək üçün biz fərqli bölgələrdə peşə təhsilli üzrə məktəblərin sayını artırmaq məsələsini düşünəcəyik.

Maliyyə tutumlu məsələ olsa da, dövlətin bununla bağlı konkret baxışı var. Bu baxış hesab edirəm ki, düzgün formalaşdırılıb. Peşə təhsilinin gələcəyinə ümidlə yanaşıram. Peşə təhsili olmadan biz əhalinin məşğulluğunun təmin edilməsində, həm də iqtisadiyyatın kadr təminatından danışa bilmərik. Peşə təhsilinə həm marağı artırmalıyıq, həm də bu istiqamətdə davamlı çalışmalıyıq. Peşəkar formada təhsilli peşə kadrlarının hazırlanmasında ardıcıllığımızı davam etdirməliyik".