Son vaxtlar bir çox mənbələrdə qadınlarda sinə xərçənginin yaranmasının səbəblərindən biri kimi ətirlər göstərilir. Bəs, bu nə dərəcədə həqiqətə uyğundur? SİA mövzu ilə bağlı onkoloqların fikirlərini öyrənib.

Onkoloq-cərrah İbrahim Əsədli: “Mən düşünürəm ki, qadınlarda sinə xərçənginin yaranmasının səbəblərindən biri kimi ətirlərin göstərilməsi həqiqət deyil. Onlarda sinə xərçənginin yaranması səbəbi psixoemosional və hormonal pozuntudur. Yəni, bədənin ahəngliyinin pozulmasıdır. Başqa səbəb yoxdur”.

Onkoloq Rəna Niftəliyeva: “Süd vəzi xərçəngi qadınlar arasında ən çox rast gəlinən xərçəng növüdür. Ümumiyyətlə, xərçəng xəstəliyinin səbəbləri çoxdur. Bəzən eyni adamda xərçəngin yaranmağına bir çox faktorlar səbəb olur.
Ətirlərin xərçəng xəstəliyinə səbəb olması məsələsinə gəldikdə isə bununla bağlı dəqiq bir tədqiqat yoxdur. Amma bəzi ətirlərin tərkibində alüminium kimi ağır metallar və parabenlər olarsa, dəridən sovrularlarsa süd vəzi xərçəngi yarada bilər. Bu səbəbdən istifadə etdiyimiz hər bir vasitənin keyfiyyətli olmasına və tərkibinə diqqət etəməyimiz vacibdir”.
Ayşən Vəli