"Bu gün elmi populyarlığı məktəbə daşımaq lazımdır" - MÜNASİBƏT BİLDİRİLDİ

5 Aprel 2024 15:43 (UTC+04:00)

"Elmin populyarlaşdırılması, kütləviləşdirilməsi bir intellektual həyat tərzi, cəmiyyətin inkişafı, həmin cəmiyyətin elmi göstəricilərinin yüksəlməsi üçün çox vacib nüansdır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elmin Nurizadə deyib.

O bildirib ki, biz bəzən elmi kütləviliklə akademik elmi fəaliyyəti o qədər uzaq tutmuşuq ki, cəmiyyətimizin elmə olan zəif münasibətinin səbəbi də bu olub: "Belə olmamalıdır. Bu gün dünyada belə bir tendensiya hökm sürür ki, artıq elmi populyar ədəbiyyatlar elmin təbliğinin əsas vasitəsinə çevrilib. Nə yaxşı ki, bizim ölkələrdə də son illərdə belə yaxşı ənənə yaranıb. Əsasən də, qardaş Türkiyədən məşhur elmi populyar müəlliflər Cəlal Şəngör, İlbər Ortaylı kimi alimlər dəvət olunur. Nəşriyyatlarımız elmi populyar müəlliflərin ədəbiyyatlarını çap edir. Az da olsa bu istiqamətdə irəliləyişlər var. Amma bunlar ürəkaçan deyil.

İndi gənclərin elmə marağını artırmaq üçün əsas üsullardan biri elmi populyarlığa meydan açılmasıdır. Mənim əsas fəaliyyət istiqamətlərimdən biri də elmi populyar janrdır. Bunun inkişafı üçün əlimdən gələni etməyə hazıram. Birinci, mən və mənim timsalımda bu işi görən gənclərə şərait yaradılmalıdır. Müxtəlif layihələr həyata keçirilməlidir. Mediaya dəstək fondu jurnalistlər üçün müsabiqə elan edir, Elm və Təhsil Nazirliyi müəllimlər üçün qrant müsabiqəsi elan edir. O zaman elmi akademik qurumlardan biri, özəl təşkilat da elmi populyar janrın inkişafı üçün belə bir müsabiqə elan etsin. Biz də layihə verək, həmin layihəni məmnuniyyətlə işləyək. Bu hələ bir addımdır".

"İkinci məsələ ilə bağlı danışanda həmişə "MM" təkrarını vermişəm. Elmi populyar janrın inkişafı üçün bizdə iki məsələ vacibdir: birinci "M" məktəb, ikinci "M" isə mediadır. Bu gün elmi populyarlığı məktəbə daşımaq lazımdır. Parta arxasında olan uşaq elmi çətin, əcaib, qəliz sahə kimi yox, maraqlı, həyatın tətbiqi mexanizmi, addığı hər addımda görə biləcəyi reallıq kimi qəbul etməlidir və onu sevməlidir. Şagirdlər üçün xüsusi proqram hazırlanmalı, həmin proqrama onların yaş səviyyəsinə uyğun olaraq ədəbiyyatlar daxil edilməli və elmi elmə olan münasibət bu cür inkişaf etməlidir.

Bu gün bizim media elmi populyarlığın, kütləviliyin inkişafı, onun müdafiəsi və təbliği, problemin aradan qaldırılması üçün çox da böyük iş görmür. Təbii ki, bu istiqamətdə mövzular işləyən, problemə toxunan dəyərli jurnalistlərin haqqına girmək istəmirəm. Onlara min dəfə təşəkkür edirik. Amma ümumi götürəndə bu, belə deyil. Televiziyadan ümumiyyətlə danışmağa dəyməz. Televiziyalarımız elmin populyarlaşdırılmasına sadəcə maraqlı deyillər. Düşünürlər ki, reytinq gətirməyəcək. Bəli, təbii ki, bu, digər şou proqram, məlum aparıcıların verilişləri kimi reytinq gətirməyəcək. Amma bunları nizama saldıqda, cəmiyyətin sevimlisinə çevrildikdə çox böyük baxış sayına sahib olacaqdır. Bu istiqamətdə onlayn media və audio vizual resurslar əlindən gələni etməlidir.

Elm və təhsil televiziyası mütləq olmalıdır. İnternet üzərindən zəif də olsa, fəaliyyət göstərənlər var. Böyük mənada TV-dən danışıram. Bu, bizi kədərləndirir. Dövlət tərəfindən çox gözəl layihə həyata keçirildi. 150 cildlik dünya ədəbiyyatı seriyası nəşr olundu. Nə yaxşı olardı ki, elmi populyar seriyanın çapı ilə bağlı dövlət tərəfindən layihə həyata keçirilərdi. Burada da 100 ədəd ən məşhur kitab dilimizə çevrilərdi. Görüləsi işlər çoxdur" - deyə o əlavə edib.