“Xarici dil müəllimlərinin əksəriyyəti tədris etdiyi dildə ünsiyyət saxlaya bilmir” - EKSPERT FİKRİ

4 Aprel 2024 16:14 (UTC+04:00)

“Ölkədə təxminən 150 min nəfər müəllim var. Bunun 1/5-i xarici dil müəllimləridir və onların arasında da əksəriyyəti ingilis dilini tədris edir. Çox təssüflər olsun ki, ölkədə ingilis dili, o cümlədən digər xarici dili tədris edən müəllimlərin tam böyük əksəriyyəti tədris etdiyi dildə ünsiyyət saxlamağı bacarmır. Ünsiyyət saxlamağı bacarmadığı halda həmin xarici dili tədris edir". Bu sözləri SİA-ya danışan təhsil eksperti Elşən Qafarov deyib.

Onun sözlərinə görə, vəziyyət həqiqətən acınacaqlıdır: “”Təhsil haqqında qanun”, “Ümumtəhsil haqqında qanun”, istərsə də "Ümumtəhsil məktəbin nizamnaməsi”ndə göstərilir ki, tam orta təhsil səviyyəsini bitirən şəxslər ən azı bir və yaxud bir neçə xarici dildə ünsiyyət saxlamağı bacarmalıdır. Əgər müəllim özü tədris etdityi fənn üzrə ünsiyyəti bacarmırsa, təhsil alanlar necə ünsiyyət saxlaya biləcək?

Hazırda da kənd yerlərində xarici dildən müəllim çatışmazlığı var, dərs deyən müəllimlərin də böyük qismi orta ixtisaslı müəllimlərdir. Bir çoxları isə ümumiyyətlə tədris etdiyi fəndən elementar dil bacarıqlarına malik deyil".

Ekspert bildirib ki, bu il xarici dil müəllimlərinin sertifikasiyası gözlənilir: “Hesab edirəm ki, xarici dil müəllimlərinin sertifikasiyasında müsahibə mərhələsinin müddəti artırılsın, bu müddət yarım saat təşkil edilsin və onların müsahibəsi tədris etdiyi xarici dildə aparılsın. Tədris etdiyi xarici dildə ünsiyyət saxlamağı bacarmayan müəllimlər sertifikasiyadan keçirilməsin. Həmçinin müəllimlərin işə qəbulu müsabiqəsində xarici dil müəllimlərinin işə qəbul zamanı dil bilikləri əsas şərt qoyulsun və yalnız bu zaman biz vəziyyəti qismən düzəldə biləcəyik".

Ləman Sərraf