Peşəsinin peşəkarı

3 Aprel 2024 15:06 (UTC+04:00)

Hər kəs bu həyatda bir cür tanınır, biri pis əməlləri ilə, digəri xeyirxahlığı, başqa birisi isə öz peşəsi ilə insanlar arasında ad-san qazanır. Bunun üçün də həmin peşə sahiblərinə, necə deyərlər, işin düşməlidir, yoxsa onları tanımaq qismətin olmaz. Mənim də qismətimə bir həkimlə tanışmaq nəsib oldu.

... Xətai rayonundakı 6 saylı Şəhər Poliklinikasına getmişdim. Məsləhət bildilər ki, burada çalışan həkimlərin bir çoxu işinin peşəkarıdır, ən əsası insanları tibb ocağının qapısından naümid buraxmırlar. Poliklinikanın həyətinə daxil oluruq. İlk baxışdan hiss olunur ki, bu səhiyyə ocağına rəhbərlik edənlər insanları təkcə dərmanlarla sağaltmırlar, həm də burada yaradılan gözəl aura – yaşıllıq, gül-çiçək dərdlərə dərman olur.

Dəhlizə daxil oluruq, burada da təmizlik, səliqə-səhman göz oxşayır. Hiss edirəm ki, buranın həkimləri də təbiətə göstərdikləri qayğını insanlara da bəxş edirlər. Poliklinikada savadlı mütəxəssislərin sayı çoxdur. Onlardan biri ilə sizi tanış etmək istəyirəm - Alik Ramizoviç Qədirmetov. Poliklinikada masaj üzrə mütəxəssisdir, milliyyətcə tatar türküdür. Bu səhiyyə ocağından kənarda da onu ən peşəkar masajçılardan hesab edirlər. Alik Ramizoviç 1959-cu ilin aprel ayının 26-da Bakı şəhərində anadan olub. Xüsusiləşdirilmiş masaj məktəbini bitirib. 1981-ci ildə Azərbaycan Korlar Cəmiyyəti yanında masajçı kimi fəaliyyətə başlayıb. Bir müddətdən sonra onu Bilgəh Kardioloji Sanatoriyasına dəvət ediblər. 15 il burada çalışdıqdan sonra 20 saylı şəhər Xəstəxanasına dəvət olunub və burada da ona olan etimadı layiqincə doğruldur. 2017-ci ildən indiyədək 6 saylı şəhər poliklinikasında masajçı olaraq çalışmaqdadır.

Bizimlə söhbətində Alik Ramizoviç bildirdi ki, Bakı Avropada və bütün dünyada öz tolerantlığı ilə seçilən nadir şəhərlərdəndir. Azərbaycanda tolerantlıq ənənəsinin tarixi də qədimdir. Burada çoxlu millətlər qardaş kimi birgə yaşayırlar. Ulu Öndər Heydər Əliyevin siyasəti nəticəsində bu birlik bərqərar olub. Başqa ölkələr monoetnikliyə can atdığı bir vaxtda Azərbaycanda siyasət birgəyaşayışı təmin edib. Bu siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Məhz bunun nəticəsidir ki, 44 günlük Vətən savaşında azərbaycanlılarla bərabər digər etnik millətlərin nümayəndələri də döyüşə atılıblar. Çünki, Azərbaycan bizim hamımızın Vətənidir.

Alik Ramizoviç bir məsələyə də xüsusi olaraq toxundu. Bildirdi ki, 6 saylı Şəhər Poliklinikasının əldə etdiyi uğurlarda, bu səhiyyə ocağında vətəndaşlara yüksək səviyyəli tibbi xidmətin göstərilməsində baş həkim Hikmət Həsənovun böyük rolu var. Həmçinin Alik Ramizoviç vurğuladı ki, onun 65 yaşı tamam olur. qaydalara görə onun müqaviləsinə yaşa görə xitam verilməlidir. O, isə aidiyyatı orqanlardan xahiş edir ki, onunla müqaviləni uzatsalar yaxşı olar. Çünki, fiziki göstəriçiləri hələ uzun müddət Azərbaycan xalqına tibbi xidmət göstərməyə imkan verir.

Biz də inanırıq ki, TƏBİB Alik Ramizoviçin xahişinə biganə qalmayacaq.

Məmmədhəsən MƏMMƏDOV