“Füzulidə hər yer mənim üçün çox əzizdir” - SORĞU

27 Mart 2024 09:34 (UTC+04:00)

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 134 nəfər köçürülüb.

SİA Füzuli sakinlərinin təəssüratlarını öyrənib:

Füzuli sakini Asif Məmmədov: "Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik. Onların sayəsində torpaqlarımıza qayıdırıq. Yaşadığımız, doğma yurdumuzdan çıxmaq məcburiyyətində qaldığımız günləri Allah heç kəsə yaşatmasın. İndi isə doğma yurd-yuvamıza qayıdırıq və çoxlu planlarımız var”.

Füzuli sakini Məşuqə Məmmədova: "Bu gün çox sevincli, xoşbəxt günlərimizdən birini yaşayırıq. Çünki şəhidlərimiz, qazilərimizin sayəsində bu gün torpaqlarımıza qayıdırıq. Onların qanı, canı bahasına torpaqlarımız işğaldan azad olunub. Buna görə də bu gün yaşadığımız sevinci onlara borcluyuq”.

Füzuli sakini Ələddin Orucov: "Qobu parkda yaşayıram bir müddətdir ki, burada bizim üçün lazımi bütün şərait yaradılıb. Buna görə də ölkə başçısı cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Hələ ki, burada yaşayırıq, amma biz də səbrsizliklə öz doğma torpaqlarımıza qayıtmağı gözləyirik.

Bu gün isə qardaşımgili ata-baba yurdumuza yola salırıq, gedən hər kəsin yolu açıq olsun. Allah bizə bu günləri yaşadan Prezidentimizə can sağlığı versin”.

Füzuli sakini Mətanət Səmədova: "Qarabağ bizim üçün bütün mənalarda əzizdir. Həm bizim öz doğma yurdumuzdur, həm də bizim igid oğullarımızın qanı, canı bahasına biz torpaqlarımızı azad etmişik. İndi isə öz el-obamıza qayıdırıq. Bu prosesi təşkil edənlərə təşəkkür edir, torpaqlarımızı alan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı diləyirəm. Başda Prezidentimiz olmaqla bizə bu xoş günlərə yaşadanlara minnətdarıq. İndiyə kimi işğal günlərini anırdıqsa, artıq qələbə günlərimizi qeyd edirik. Füzulidə hər yer mənim üçün çox əzizdir”.

Füzuli sakini Rübabə Abdullayeva: "Bu gün çox xoşbəxtəm, sevincimi sözlərlə ifadə edə bilmirəm. Şəhidlərimiz, qazilərimizin sayəsində bu günləri yaşaya bilirik. Bu cür igid oğullar böyüdən analarımıza minnətdaram. Biz öz torpaqlarımızdan çox çətinliklə çıxmışdıq. Bu gün isə oğlum, gəlinim və nəvəmlə öz yurd-yuvamıza sevinc və qürur hissi ilə qayıdırıq. Füzulidə ilk böyüdüyüm məhləni və tapa bilsəm, atamın qəbrini ziyarət edəcəm”.

Füzuli sakini Orxan Nəcəfov: "Mənim 27 yaşım var, Füzulini heç görməmişəm. Amma hər zaman mənə çox maraqlı gəlib, ailəmin doğulub, böyüdüyü yerləri görmək istəmişəm. Bu gün məhz bu arzuma çatıram. Ən gözəli isə budur ki, televiziyalarda hər zaman dağıdılmış gördüyüm deyil, abad bir Füzuliyə gedirik. Füzulidə isə öz işimi davam etdirmək istəyirəm. Yəni, bərbər olaraq fəaliyyətimə doğma yurdda davam edəcəm”.