"Atletiko" kapitanı ilə müqavilənin müddətini uzadıb

25 Mart 2024 16:45 (UTC+04:00)

İspaniyanın "Atletiko" klubu futbolçusu Koke ilə müqavilənin müddətini uzadıb. SİA Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, kapitanın yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Təcrübəli yarımmüdafiəçi cari mövsüm bütün turnirlərdə 39 matçda iştirak edib və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Atletiko"nun yetirməsi olan Koke 2009-cu ildən əsas komandada çıxış edir. O, paytaxt klubu ilə iki dəfə La Liqanın, iki dəfə Avropa Liqasının, eyni sayda UEFA Superkubokunun qalibi olub.